"Karvan" futbol klubunun yarımmüdafiəçisi Kamal Quliyev futbol üzrə ölkə çempionatının birinci dövrəsində yevlaxlılara kömək edə bilməyəcək.
Oyunçunun özünün Trend ə verdiyi məlumata görə, komanda onu birincilikdə iştirak etmək üçün ərizələrin verilmə müddəti başa çatandan sonra "Xəzər" klubundan icarəyə götürüb. "Təəssüflər olsun ki, mən çempionatın birinci yarısını seyrçi ranqında keçirməli və ikinci dövrənin başlamasını gözləməli olacağam. Yalnız bundan sonra mən meydana çıxa biləcəyəm", - deyə yarımmüdafiəçi qeyd edib. K.Quliyevin icarə müddəti yanvarda başa çatır. Ancaq tərəflərin sazişin müddətini uzadacağı istisna olunmur.
Qeyd etmək lazımdır ki, Kamal inişilki mövsümdə "Karvan"da çıxış edib və kollektivə milli birinciliyin bürünc mükafatını qazanmaqda kömək edib.