"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi
yetkinlik yaşına çatmayan məhkumların cəza çəkdikləri Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Tərbiyə Müəssisəsində məhkumlar üçün "Kompüter Biliklərinin Tədrisi Mərkəzi" yaradacaq. Bu barədə Trend ə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyindən məlumat verilib.
İctimai Birlik ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə belə bir Mərkəzin yaradılması layihəsinin icrasına başlayır. Layihə yetkinlik yaşına çatmayan məhkumlara kompüterdə işləmək bacarığının ilkin tədrisini nəzərdə tutur. Bunun da nəticəsində onlar kompüterin ümumi quruluşu ilə tanış olacaq, "Windows" əməliyyat sistemində işləməyi bacaracaq, müxtəlif proqramları (Word, Excel, Power Point, Photoshop, Corel Draw və s.) öyrənəcəklər.
Yetkinlik yaşına çatmayan məhkumlar həmçinin İnternetdə işləməyin əsasları ilə tanış olacaq, ümumi şəbəkədən götürdükləri məlumatları toplamaq və üzərində işləmək imkanlarına yiyələnəcəklər. Yaradılacaq elektron kitabxana onlara öz biliklərini artırmağa və təkmilləşdirməyə imkan yaradacaq. Bu layihə vasitəsi ilə "Kompüter Biliklərinin Tədrisi Mərkəzi"ni bitirən və gələcəkdə azadlığa buraxılacaq yetkinlik yaşına çatmayanların işə düzəlməsi sahəsində geniş imkanlar yaranacaq.