...

Azərbaycanlı musiqişünas Kembricdə keçirilmiş beynəlxalq elmi konfransda sensasiya doğuran məruzə ilə çıxış edib

Cəmiyyət Materials 29 Sentyabr 2006 12:52 (UTC +04:00)

Sentyabrın II ongünlüyündə Kembric Universitetində (Böyük Britaniya) XX əsrin dahi bəstəkarı Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Trend in xəbər verdiyi kimi, Böyük Britaniya, ABŞ, Kanada, Almaniya, İsrail və Rusiyadan alimlərin iştirak etdiyi konfrans Böyük Britaniyada görkəmli bəstəkarın yubileyi münasibətilə keçirilmiş çoxsaylı tədbirlərdən biri idi.

Konfransın işində iştirak edən Bakı Musiqi Akademiyasının professoru Aidə Hüseynova "Şostakoviç və Azərbaycan" adlı məruzə ilə çıxış edib. Məruzədə D.Şostakoviçin öz şagirdi, görkəmli azərbaycanlı pianoçu, pedaqoq və bəstəkar Elmira Nəzirova ilə məktublaşması ilə bağlı sensasiya doğuran məlumat öz əksini tapıb, o cümlədən Şostakoviçin 10-cu simfoniyasının sirri açılıb. Məlum olub ki, bəstəkar bu simfoniyaya bakılı tələbəsinin adını daxil edib (musiqili monoqram şəklində).

Bəstəkarın E.Nəzirova ilə məktublaşması ilə bağlı məsələlər diqqət mərkəzində olub. Azərbaycanlı musiqişünasın məruzəsi E.Nəzirovanın şəxsiyyəti və fəaliyyəti ilə bağlı nadir videomaterialların təqdimatı ilə müşayiət olunub.

D.Şostakoviç yaradıcılığının tədqiqatçılarının etirafına görə, Böyük Britaniya bəstəkarın yubileyini daha geniş qeyd edir. Bu hadisəyə həsr olunmuş ən mühüm tədbirlərdən birində Azərbaycan alimin sözü və bəstəkarlarının əsərlərinin səsləndirilməsi fərəh doğurur.

Xəbər lenti

Xəbər lenti