...

Ahıska Türklərinin Azərbaycan Vətən Cəmiyyəti AŞ baş katibinə yenidən müraciət edəcək

Cəmiyyət Materials 29 Sentyabr 2006 16:52 (UTC +04:00)

Ahıska Türklərinin Azərbaycan Vətən Cəmiyyəti Avropa Şurası (AŞ) baş katibinə Terri Devisə yenidən müraciət edəcək. Bu barədə Trend ə adıçəkilən cəmiyyətin sədri İbrahim Burxanov bildirib.

Qeyd edək ki, müraciət "XX əsrin 40-cı illərində Gürcüstandan zorla köçürülən əhalinin geri qaytarılması" adlanan qanun layihəsindəki bəzi müddalara etiraz olaraq göndəriləcək. Onu da bildirək ki, Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də ərazisindən deportasiya olunmuş Ahıska türklərinin vətənə qayıdışını təmin etməkdir. Bu öhdəlik 2011-ci ildək yerinə yetirilməlidir. Bununla bağlı qanun layihəsi hazırlanıb.

İ.Burxanov qeyd edib ki, sentyabrın 28-də T.Devisdən məktub alıb: "Üçüncü dəfə hazırlanan qanun layihəsində bəzi müddəalar bizi qane etmədiyindən Terri Devisə müraciət etmişdik. O, göstərdiymiz iradlarla razılaşdığını və bununla bağlı Gürcüstan parlamentinə tövsiyyələr verəcəyini bildirib. AŞPA tərəfindən dördüncü dəfə baxılan qanun layihəsi də bizi qane etmədiyindən Terri Devisə yenidən müraciət edəcəyik". İ.Burxanov onu da əlavə edib ki,

müraciət eyni zamanda AŞPA üzvlərinə, Gürcüstan parlamentinə və bir sıra dövlət başçılarına ediləcək.

Cəmiyyətin sədri bildirib ki, adıçəkilən qanun layihəsinin 10.2 maddəsində vətənə dönəcək Ahıska türklərinin gürcüləşdirilməsi öz əksini tapıb: "Orada göstərilib ki, vətənə dönən ahıska türkü dövlət tərəfindən seçilən yerdə məskunlaşmalıdır. Burada bir növ bizi asılı vəziyyətə salmaq niyyəti güdülür".

Qeyd edək ki, Ahıska Türklərinin Azərbaycan Vətən Cəmiyyəti 1968-ci ildə məxfi şəkildə fəaliyyət göstərib. 1993-cü ildə isə dövlət qeydiyyatına alındaqdın sonra açıq fəaliyyətə keçib. Cəmiyyətin 70 minə yaxın üzvü var.

Xəbər lenti

Xəbər lenti