Konstitusiya Məhkəməsinin sədri Rusiyanın Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Konfransda Avropanın ümumi hüquqi məkanı və konstitusiya ədalət mühakiməsinin təcrübəsi tədbirin əsas mövzusu olmaqla, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə milli məhkəmələr arasında mövcud əlaqələr, Avropa konstitusiya icraatının ümumi meyarları və konstitusiya nəzarəti orqanlarının fəaliyyətində müşahidə olunan yeni meyllər və digər aktual hüquqi məsələlər müzakirə edilib.
"Avropa konvensiyasının tələblərini nəzərə almaqla, insan hüquq və azadlıqlarının Konstitusion müdafiəsi" mövzusunda məruzə ilə çıxış edən Fərhad Abdullayev Azərbaycanda formalaşmış Konstitusiya təcrübəsində beynəlxalq hüquq normalarının və məhkəmə presedentinin rolunu açıqlayıb. O, son illər Avropa qitəsində inkişaf edən hüquqi inteqrasiyanın milli konstitusiya nəzarəti orqanlarının fəaliyyətinə təsir etməklə dövlətdaxili məhkəmə praktikasının daha da təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıb.
Konfransda bir sıra Avropa konstitusiya məhkəmələrinin rəhbərləri ilə görüşlər keçirilib, məhkəmə-hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələr aparılıb.