...

Diplomatik korpusun nümayəndələri aclıq edən jurnalistlərlə və Redaktorlar Birliyinin üzvlərilə görüşüb

Cəmiyyət Materials 15 Noyabr 2006 13:12 (UTC +04:00)

Noyabrın 15-də Azərbaycandakı diplomatik korpusun nümayəndələri Bakı şəhəri Xaqani 33 ünvanında yerləşən binada aclıq aksiyası keçirən jurnalistlərlə görüş keçiriblər. Trend in məlumatına görə, ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coan Polaşik, Böyük Britaniya səfirinin müavini Kolin Velz, ATƏT-in qanunun aliliyi idarəsinin müdiri Andreas Buş "Azadlıq" qəzetinin redaksiyasında olublar.

Qonaqlar əvvəlcə burada Redaktorlar Birliyinin üzvləri ilə qapalı görüş keçiriblər. Sonra aclıq edən jurnalistlərə baş çəkib, onların səhhəti ilə maraqlanıblar. Jurnalistlərə açıqlama verən Coan Polaşik bildirib ki, jurnalistləri narahat edən məsələlər barədə məlumat toplamaq üçün görüşə gəliblər: "Biz belə hesab edirik ki, son hadisələr Azərbaycanda müstəqil media ilə bağlı ümumi mühitin pisləşməsinə işarə edir. Biz Azəbaycan rəsmilərinə üz tutaraq onları jurnalistlərə qarşı zor tətbiq edənləri, o cümlədən Elmar Hüseynovun qatillərini taparaq qanun əsasında təqib etməyə çağırırıq. Həmçinin imkan daxilində jurnalistlərə və qəzetlərə qarşı irəli sürülən böhtan iddialarının alternativ olaraq Mətbuat Şurası vasitəsilə baxılmasına çağırırıq".

C.Polaşik eyni zamanda qeyd edib ki, jurnalistlər də peşəkarlıq, etika, obyektivik prinsiplərini əsas tutmalıdırlar. Onun sözlərinə görə, diplomatik nümayəndəlik jurnalistlər üçün peşəkarlıq və etika qaydaları mövzusunda təlimlərin keçiriməsinə dair səylərini davam etdirəcək.

Qeyd edək ki, "Azadlıq" qəzeti və daha bir neçə media qurumu yerləşdiyi binadan çıxarılmasına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən xəbərdarlıq aldığından, buna etiraz olaraq həmin qurumların əməkdaşları aclıq aksiyası keçirirlər.

Xəbər lenti

Xəbər lenti