Noyabrın 24-də Azərbaycanda fəaliyyət göstərən bir neçə media qurumunun rəhbəri ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersi ilə görüşüb. Bu barədə Trend ə görüşdə iştirak etmiş "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlinski məlumat verib.
"Görüş iştirakçıları Azərbaycanda medianın durumu ilə bağlı vəziyyəti səfirə izah etdilər. Səfir bildirdi ki, Amerika üçün hər şeydən əvvəl insan hüquqları, demokratiya və müstəqil medianın mövcudluğudur. Həmçinin "Azadlıq" qəzetinirn baş redaktoru Qənimət Zahidin aclığı davam etdirməsi, Azərbaycanda müstəqil medianın boğulması istiqamətində atılan addımlardan danışıldı. Səfir qeyd etdi ki, fikir azadlığı Amerika üçün başlıca prioritetlərdən biridir" - deyə E.Şıxlinski qeyd edib.
Görüş zamanı səfir vurğulayıb ki, Amerika Azərbaycanla əməkdlaşlığa böyük üstünlük verir. O, bu baxımdan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişində ABŞ-ın Azərbaycana dəstəyini xüsusi qeyd edib.
Görüşdə "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlinski, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, "Gün Səhər" qəzetinin baş redaktoru Arif Əliyev, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Azadlıq" qəzetinin baş direktor Azər Əhmədov iştirak edib.