Yanvar ayının sonunda Bolqarıstanda Avropa Azərbaycanlıları Konqresinin (AAK) ikinci qurultayı keçiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə noyabrın 24-də mətbuat konfransı keçirən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama verib.
Bolqarıstanda azərbaycanlı və türk icmalarının sayının çox olmasını xatırladan N.İbrahimov qeyd edib ki, bu ölkənin özü də belə tədbirlərin orada keçirilməsində maraqlıdır. Bolqarıstandakı diaspor nümayəndələrinin bu təklifini Komitə müsbət qarşılayıb və qəbul edib.
Komitə sədri həmçinin diqqətə çatdırıb ki, bu ay ərzində ABŞ-da Florida Azərbaycanlıları Cəmiyyəti, Hollandiyada Benelüks Azərbaycanlıları Konqresi təsis olunub. Hər iki yeni qurumun təsis konfransında iştirak edən N.İbrahimov tədbirlər barədə məlumat verib. Əlavə edib ki, ABŞ-ın əksəriyyət ştatlarında Azəraycan diaspor təşkilatlarının, həmçinin Amerika-Azərbaycan Strateji İnstitutun, AzPak adlı digər qurumların yaradılması nəzərdə tutulub. N.İbrahimov Benelüks Azərbaycanlıları Koqresində İraq türkmənlərinin də birləşməsini xüsusi qeyd edərək bunun əhəmiyyəti, tarixi kökləri barədə danışıb.