Mili Televiziya və Radio Şurası noyabrın 24-də ANS televiziyası və "ANS-CM" radiosunun yayımının dayandırılması barədə qərar çıxarıb. Bu barədə Trend ə Teleradio Şurasından məlumat verilib.
Teleradio Şurasının yaydığı məlumatda bildirib ki, Şuranın bu gün iclası keçirilib, ANS-in lisenziyanın uzadılması barədə müraciətə baxılıb. Şura "Televiziya və radio yayımı haqqında" AR Qanununun 22.4 maddəsinin tələblərinə uyğun olaraq "ANT" TV-nin və "ANS-CM" radiosunun qanunvericiliyin tələblərini mütəmadi olaraq pozduğunu, Teleridao Şurası tərəfindən dəfələrlə edilmiş rəsmi xəbərdarlıqlara və cərimə sanksiyalarına məhəl qoymadığını, yol verilən qanun pozuntuları barədə Şura tərəfindən edilən iradlara və xəbərdarlıqlara münasibətdə qeyri-səmimi mövqe nümayiş etdirdiyini nəzərə alaraq ANS TV-nin və ANS-CM-in fəaliyyəti üçün lisenziya müddətinin uzadılmaması bu gün saat 15.00-dan etibarən yayımlarının dayandırılması və tezliklərini tutmaq üçün müsabiqə elan olunması barədə qərar çıxarıb.
Şuradan bildirilib ki, növbəti iclasda müsabiqə də müzakirəyə çıxarılacaq, müsabiqənin vaxtı, müddəti və digər məsələlər barədə qərar veriləcək. Qeyd edək ki, bu müsabiqədə ANS şirkəti özü də iştirak edə bilər.
ANS-in baş direktoru Mais Məmmədov Trend ə açıqlamasında bildirib ki, bu səhər şirkətin rəhbərliyi Teleradio Şurasına çağırılıb. Şuranın sədri Nuşirəvan Məhərrəmli ANS-in yayımının dayandırılması barədə xəbərdarlıq edib. Mais Məmmədov bildirib ki, onlara heç bir rəsmi sənəd təqdim olunmayana qədər şirkət teleradio yayımını dayandırmayacaq.