Rusiyalı Viktor Markovun rəhbərlik etdiyi hakimlər briqadası noyabrın 28-də "AzərReyl" və İtaliyanın "Skavolini" klubu arasında çempionlar liqasının qrup mərhələsinin birinci oyununu idarə edəcək.
Trend in Avropa Voleybol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verdiyi kimi, ikinci hakim qismində Ritvas Alksnis çıxış edəcək. Görüşün komissarı isə Bolqarıstandan Stoyan Stoyanov olacaq. Görüş Avropa kubokunda debüt xarakteri daşıdığından hər iki komanda üçün gərgin keçəcək. Buna görə də klublar yarışı qələbə ilə başlamaq üçün əlindən gələni edəcək.
Qeyd etmək lazımdır ki, "S" qrupunun digər qarşılaşmasında İstanbulun "Əczaçıbaşı" klubu öz meydançasında Avstriyanın SVS klubunu qəbul edəcək. Yarımqrupda ilk iki yeri tutan klublar növbəti raunda çıxacaq.