Noyabrın 29-da Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın məhkəməsində vəkil Adil İsmayılovun Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin və baş prokuror Zakir qaralovun şahid qismində məhkəməyə dəvət edilməsi ilə əlaqədar qaldırdığı vəsatət təmin olunmayıb. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində keçirilir.
Qeyd edək ki, Adil İsmayılov Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, hazırda təqsirləndirilən şəxs qismində müttəhimlər kürsüsündə əyləşən Zakir Nəsirovun hüquqlarını müdafiə edir. O, vəsatətində qeyd edib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən bəzi epizodlarla əlaqədar həm Məhərrəm Əliyevin, həm də Zakir Qaralovun məhkəmədə şahid qismində dindirilməsi vacibdir. Məhkəmə müşavirə keçirərək qərara alıb ki, Adil İsmayılovun vəsatətini qismən təmin etsin. Belə ki, hakim Əli Seyfəliyevin çıxardığı qərara görə, hazırkı mərhələdə nə Məhərrəm Əliyevin, nə də Zakir Qaralovun məhkəməyə dəvət edilməsinə zərurət yoxdur. Gələcəkdə isə vəsatətə baxıla bilər.
Məhkəmə iclası ibtidai istintaqın videoyazılarının nümayişi ilə davam etdirilir.