...

Estoniya parlamentinin azərbaycanlı üzvü, milli məsələlər üzrə keçmiş nazir E.Əfəndiyev növbəti dəfə deputatlığa namizəddir

Cəmiyyət Materials 23 Yanvar 2007 13:58 (UTC +04:00)

Estoniya parlamentinin azərbaycanlı deputatı, milli məsələlər üzrə keçmiş nazir Eldar Əfəndiyev bu il mart ayının 3-də bu ölkədə keçiriləcək parlament seçkilərində növbəti dəfə namizədliyini irəli sürüb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Uzun müddət Estoniya Respublikasında yaşayan, bu ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərən, "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri sədri, Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilmiş Eldar Əfəndiyev növbəti dəfə deputat mandatı uğrunda mübarizə aparır.

2007-ci il martın 3-də Estoniyada keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı aparılan sorğuların nəticələrinə əsasən, soydaşımız öz bölgəsində bütün rəqiblərini xeyli geridə qoyur. Həmçinin səsvermənin nəticəsindən asılı olaraq, Estoniya Mərkəzçilər Partiyasının qərarına görə E.Əfəndiyevin namizədliyi yenidən milli münasibətlər üzrə nazir vəzifəsinə irəli sürüləcək.

Qeyd edək ki, Estoniyanın siyasi dairələrində yüksək nüfuza malik olan E.Əfəndiyev 1999-2000-ci illərdə Narva şəhərinin meri seçilib. O, 2002-ci ildə Estoniya Respublikası hökuməti tərəfindən milli münasibətlər üzrə nazir vəzifəsinə təyin edilib. E.Əfəndiyev Estoniyada gedən siyasi proseslərdə də yaxından iştirak edib. O, 1988-1991-ci illərdə Estoniya xalq cəbhəsinin və onun təşəbbüs qrupunun üzvü seçilib, 1997-ci ildə Estoniyada aparıcı partiyalardan olan Mərkəzçilər Partiyasında təmsilş olunub. 1992, 1999, 2003-cü illərdə Narva şəhərindən Estoniya Respublikasının Ali Məclisinə deputat seçilmək hüququ qazanıb. Hazırda Estoniya Seyminin deputatıdır. Elmi-ədəbi yaradıcılıqla da məşğul olan soydaşımız elmi məqalələrin, bir neçə uşaq kitabının müəllifidir.

Xəbər lenti

Xəbər lenti