...

Təhsil Nazirliyi xaricdə təhsil almış vətəndaşların diplomlarının tanınması ilə əlaqədar 292 müraciəti araşdırır

Cəmiyyət Materials 25 Yanvar 2007 13:40 (UTC +04:00)

Hazırda Azərbaycanın Təhsil Nazirliyi xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşlarının diplomlarının tanınması-nostrifikasiyası ilə əlaqədar 292 müraciəti araşdırır. Trend in xəbərinə görə, bu barədə yanvarın 25-də Azərbaycanın Təhsil Nazirliyində keçirilmiş 2006-cı ilin yekunlarına dair kollegiya iclasında təhsil naziri Misir Mərdanov məlumat verib.

Nazir bildirib ki, Təhsil Nazirliyinə daxil olmuş belə müraciətlərin sayı 572 olub. Bu müraciətlərdən 246-sı müsbət həll olunub. 34 müraciətlə əlaqədar isə araşdırmalar aparılarkən məlum olub ki, təqdim edilən sənədlər mövcud qaydalara uyğun gəlmir. Bu səbəbdən də həmin diplomların tanınmaması barədə qərar qəbul edilib.

M.Mərdanovun sözlərinə görə, hazırda 3000-dən artıq azərbaycanlı gənc xarici ölkələrin aparıcı universitetlərində təhsil alır. Eyni zamanda ötən tədris ilində 48 ölkədən 5500 nəfər əcnəbi tələbə müxtəlif ali təhsil müəssisələrimizdə təhsil almaq üçün Azərbaycana gəlib.

"Hazırda Təhsil Nazirliyi dünyanın 30-dan çox ölkəsi ilə təhsil əlaqələri yaradıb. 20-dən artıq beynəlxalq təşkilatla ümumilikdə 70-dən çox proqram və layihə həyata keçirilir. 2006-cı ildə Birləşmiş Ərəb Əmirlikləri, Latviya, Belarus, cari ilin yanvarında isə Səudiyyə Ərəbistanı ilə Təhsil Nazirliyi arasında saziş imzalanıb" - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti