...

"Azadlıq" radiosu Bakı haqqında yeni veriliş hazırlayır

Cəmiyyət Materials 1 Mart 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Martın 5-dən etibarən "Azadlıq" radiosunun efirində məzmun etibarilə tamamilə yeni bir proqram efirə çıxacaq. "Can Bakı" adlanacaq bu veriliş əsasən şou xarakterli olacaq. Proqramın aparıcısı Sevda İsmayıllının dediyinə görə, adından göründüyü kimi Bakıya həsr olunan bu proqram həftə içi hər gün canlı yayımda olacaq. Müsahibimiz belə bir verilişin ortaya çıxmasını "Azadlıq" radiosunun FM-ə keçməsi ilə əlaqələndirdi: "Radio FM dalğasında yayıma keçdiyindən, efirdə canlı proqramlara tələbat yaranıb. Müasir dünya təcrübəsində mediada canlı ünsiyyətə daha çox üstünlük verilir. Artıq montaj yolu ilə hazırlanmış verilişlər aktuallığını itirməkdədir. Odur ki, "Azadlıq" radiosu da canlı olaraq yayımlanacaq iki veriliş hazırlayır. "Can Bakı" günorta vaxtı - saat 12.00-dan etibarən bir saat ərzində efirdə olacaq".

S.İsmayıllının dediyinə görə, bu proqramda Bakının həyatı haqqında hər şey öz əksini tapacaq: "Bakılıların dolanışığı, şəhər əhalisinin siyasi və mədəni yaşamı, düşüncə və əyləncə həyatı, hətta kasıblar və varlıların həyatı bizim proqramda əks olunacaq. Düşünürük ki, hazırda Azərbaycan radio məkanında sosial məzmunlu belə bir proqrama ciddi ehtiyac var. İndi əyləncə xarakterli verilişlər nə qədər istəsəniz mövcuddur. Biz isə sosial yönlü verilişlər sahəsindəki boşluğu doldurmaq niyyətindəyik".

Onun sözlərinə görə, "Can Bakı" verilişinin auditoriyasının əsasən orta yaşlı Bakı sakinləri olacağı güman edilir. Amma proqram yaradıcıları gənc və yeniyetmələrə də mesaj göndərməyi unutmayacaqlar. Hər gün studiyaya dəvət ediləcək qonaqlarla Bakının həyatı ilə əlaqədar müxtəlif mövzular müzakirə olunacaq. Bir saat ərzində studiyanın telefonları açıq olacaq və dinləyicilər müzakirələrdə aktiv iştirak etmək imkanı qazanacaqlar. Bütün bunlardan əlavə, mövzu ilə əlaqədar sorğular, canlı reportajlar da efirə veriləcək. "Can Bakı"nın reportyor qrupu hər gün hava durumu, paytaxtda baş verən önəmli siyasi, iqtisadi və mədəni tədbirlər haqqında məlumat hazırlayacaqlar. Bir sözlə, Bakıda nə baş verdiyindən hər kəs xəbər tutacaq.

Proqramın rəhbəri deyir ki, hələlik Azərbaycan radio məkanında belə bir veriliş yoxdur: "Ola bilər ki, bizdən sonra belə məzmunda proqram yaransın. Amma həmin vaxtadək artıq rəqabətə davamlı olacağımızı düşünürük. Əslində, bizim seçdiyimiz vaxt kəsiyi digər radiolarda şou xarakterli proqramların pik vaxtına təsadüf edir. Məhz bu baxımdan özümüz günorta vaxtına üstünlük verdik. Tək bakılılara deyil, ümumiyyətlə Bakının halına yanıb-yaxılanlara, onların problemlərinə, sakinləri narahat edən məsələlərə yaxın olmaq üçün məhz bu vaxtı münasib bildik. Çalışacağıq ki, Bakının bir günü haqqında öz dinləyicilərimizə dolğun məlumat çatdıra bilək".

Qeyd edək ki, artıq "Can Bakı!" proqramının pilot versiyası hazırlanıb və təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti