...

Azərbaycanlıların soyqırımı günü dünyanın müxtəlif ölkələrində qeyd olunacaq

Cəmiyyət Materials 29 Mart 2007 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 31 mart - Azərbaycanlıların soyqrırımı günü dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporu tərəfindən qeyd olunacaq. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Amerika Azərbaycan Cəmiyyəti azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirəcək və artıq bu məqsədlə təşkilat xüsusi press-reliz hazırlayaraq ABŞ Konqresinin bütün üzvlərinə göndərib. Azərbaycanlıların Nyu-York Assosiasiyası ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı tanıtmaq məqsədi ilə şəhərin mərkəzi küçələrində yürüş keçirəcək. Soyqırım günü münasibətilə ABŞ-ın Hyuston, Los-Anceles, San-Fransisko, San-Xose və Mayami şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən də bir sıra anma mərasimlərinin keçirilməsi planlaşdırılır.

Soyqırımla bağlı Ümumrusiya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Rusiya Federasiyisının Moskva, Sankt-Peterburq, Çeboksarı, Nijni-Novqorod, Volqoqrad, Yekaterinburq, Ulan-Ude, Novosibirsk, Xabarovsk və digər iri şəhərlərdə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Kiyev şəhərində Ermənistan səfirliyinin binası qarşısında piket keçirilməsi planlaşdırılır. Həmçinin Ukraynanın Odessa, Dnepropetrovsk, Donetsk, Xarkov şəhərlərində də piket və dəyirmi masaların təşkil olunması gözlənilir.

Belarusun paytaxtı Minsk şəhərində Azərbaycan səfirliyinin və Belarus Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə soyqırıma dair anma mərasimi keçiriləcək. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən Sabancı Kültür Mərkəzində konfrans təşkil olunacaq.

Yeni Zelandiyada, Şimali Kiprin Doğu Akdeniz Universitetində, Azərbaycanın Özbəkistandakı, Qazaxıstandakı səfirliklərində, Gürcüstandakı Azərbaycan Mədəniyyət Mərkəzində də 31 Mart soyqırım günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti