Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Aprelin 3-də Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun və onunla mühakimə olunan 10 nəfərin məhkəmə prosesi davam edib. Dövlət ittiamçısı Kamran Əliyev məhkəmənin nəzərinə çatdırıb ki, artıq məhkəmə Əli İnsanova və 10 nəfərə qarşı ittihamları ətraflı araşdırıb.
"Hesab edirəm ki, artıq məhkəməni yekunlaşdırmaq mümkündür",- deyə prokuror bildirib və çıxış üçün aprelin 5-dək vaxt istəyib. Məhkəmə iclasına sədrlik edən hakim Faiq Qasımov və vəkillər də dövlət ittiamçısının bu təklifini dəstəkləyiblər. Hakim dövlət ittihamçısına aprelin 5-dək vaxt verib. Aprelin 5-də dövlət ittihamçısı Əli İnsanova və digər təqsirləndirilən şəxslərə məhkəmədən cəza tələb edəcək.
Qeyd edək ki Ə.İnsanov və onunla birlikdə mühakimə edilən 10 nəfər vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz özəlləşdirmə, rüşvət alma, rüşvət vermə və digər cinayətlərdə təqsirləndirilirlər.