...

Dövlət Komitəsinin sədri: "Azərbaycanlıların növbəti iri diaspor təşkilatı Almaniyada yaradılacaq"

Cəmiyyət Materials 17 Aprel 2007 13:13 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Azərbaycanlıların növbəti iri diaspor təşkilatı Almaniyada yaradılacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanlıların növbəti iri diaspor təşkilatı Almaniyada yaradılacaq. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama verib.

O bildirib ki, Almaniyada çox sayda azərbaycanlılar yaşayır. Onları və fəaliyyətdə olan diaspor təşkilatlarını bir araya gətirmək üçün yeni bir qurum yaradılacaq. İbrahimovun sözlərinə görə, bu təşkilat Konqress və ya Assosiasiya olacaq. "Almaniya Azərbaycanlıları Konqresi və ya Assosiasiyası adları üzərində düşünüləcək. Necə adlanmasından asılı olmayaraq, yeni təşkilat soydaşlarımızı, fəal diaspor nümayəndələrimizi birləşdirməli, Azərbaycanın maraqlarının xaricdə qorunması, təbliğ edilməsi, ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılması məqsədlərinə xidmət etməlidir" - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.

İbrahimov bu yaxınlarda Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaradılmasını da xatırladıb, bildirib ki, bu qurumu təsis etməkdə əsas məqsəd Azərbaycan həqiqətlərinin, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktının dünyaya çatdırılması işində Azərbaycan-yəhudi diasporunun birgə fəaliyyətindən yararlanmaqdır.

Komitə sədri bildirib ki, Azərbaycan əsilli yəhudiləri birləşdirən bu qurumun yaranmasında 30 min insanın fiziki iştirakı olub: "İsraildə yaşayan 30 minə yaxın Azərbaycan əsilli yəhudiləri, azərbaycanlıları təmsil edən 30 icmadan 408 nəfər qurultay nümayəndəsi seçildi. İsrailin 26 şəhərində yaşayan bu insanların iştirakı ilə qurultaya hazırlıq konfransları keçirildi. Yəni, 30 minə yaxın insanın fiziki iştirakı ilə belə bir Assosiasiya təsis olundu və İsrailin ayrı-ayrı şəhərlərində bölmələri yaradılacaq" - deyə Komitə sədri açıqlama verib.

Xəbər lenti

Xəbər lenti