...

Azərbaycan Televiziya və Radio Şurasının rəhbəri ölkədə kabel televiziyasının inkişaf etməsini istəyir

Cəmiyyət Materials 24 Aprel 2007 16:32 (UTC +04:00)
Azərbaycan Televiziya və Radio Şurasının rəhbəri ölkədə kabel televiziyasının inkişaf etməsini istəyir

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/ Trend in Azərbaycanın Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli ilə eksklüziv müsahibəsi

- Dünyada vahid informasiya məkanının formalaşdırılması prosesi gedir. Bu məkana Azərbaycan necə inteqrasiya olunur?

- Bu, çox vacib məsələdir. Biz də dünyada kütləvi informasiya vasitələri sahəsində gedən proseslərdən kənarda qalmamağa çalışırıq. Bura həmçinin insan haqları, demokratiya məsələləri də daxildir. Biz teleradioyayım üzrə hər hansı bir qapalı sistem yaratmaq niyyətində deyilik. Texnologiyaların inkişafı çox sürətli templərlə gedir və arzularımızdan asılı olmayaraq biz dünyaya açığıq. Peyk və kabel yayımı vasitəsilə biz bütün dünyada gedən proseslərin gedişatını izləyə bilərik.

Eyni zamanda Azərbaycanda dünya ölkələrində qəbul olunmuş standartları tətbiq etmək lazımdır. Biz elə bir səviyyəyə çatmışıq ki, 90-cı illərdə müşahidə olunan, həm qanunvericilik, həm də praktik istifadəyə aid olan arzuolunmaz dəyişiklikləri bu gün aradan qaldırmaq lazımdır. Əgər həmin vaxt bu və ya digər səbəbdən biz Rusiya və Türkiyə telekanallarının yayımına icazə verirdiksə, indi bundan imtna etməliyik, çünki tezliklər milli sərvətimizdir. Reklam bazarı da həmçinin Azərbaycana məxsus olmalıdır.

Təəssüf edirəm ki, Azərbaycan ərazisində Rusiya kanallarının yayımı məsələsi şişirdilir. Həmçinin bunu Azərbaycanın rusdilli icması ilə əlaqələndirməyə çalışırlar. Bu, düzgün mövqe deyil. Məsələn, Ukraynada, Qazaxıstanda rusdilli vətəndaşlar Azərbaycandan daha çoxdur. Lakin orada bu cür yanaşmadan imtina edilib. Nəyə görəsə onları antirusiya siyasətində günahlandırmırlar. Biz eyni zamanda bir sıra Türkiyə kanallarının yayımını dayandırırıq.

Yalnız TRT kanalı qalacaq, çünki Türkiyə öz ərazisində bizim kanalı yayımlamağa razılıq verib. Əgər Rusiya Azərbaycanın Dövlət və ya İctimai kanallarını Moskvada yayımlamağı öhdəsinə götürsə, onun bütün xərclərini üzərinə götürsə, biz Rusiya kanalının Azərbacyan ərazisində yayımlanmasını təmin edə bidərik və hətta bütün xərcləri öz üzərimizə götürə bilərik.

-Azərbaycanda xarici telekanalların yayımının dayandırılmasına alternativ olaraq kabel televiziyasının yayılması təklif olunur. Lakin artıq daha əlverişli və ucuz ev peyk antenləri mövcuddur.

- Bir çox evlərdə quraşdırılan peyk antenləri bizim şəhər üçün problemə çevrilib. Biz, kabel televiziyasının inkişafını istəyirik və 10 bu cür kanalın fəaliyyətinə icazə vermişik. Digər tərəfdən kabel televiziyası daha keyfiyyətli yayım təklif edir. Mütəmadi olaraq insanlar özləri peyk antenlərindən istifadədən imtina edəcək və onlar dünyanın müxtəlif nöqtələrindən ən yaxşı kanallara baxmaq üçün bir neçə anten istifadə etməli olmayacaq. Bir paketdə yığılacaq kabel televiziyasının dəyəri həmçinin çox ucuz olacaq.

- Son dövrlər dövlət televiziyasında islahatlar aparılır. Daha müasir standartlara keçmək üçün hər hansı tələblər qoyulubmu?

- Fikirləşirəm ki, bu, qısa vaxt ərzində həyata keçirilməsi üçün heç də asan məsələ deyil. Orada qurulmuş köhnə mexanizm illərlə formalaşıb. Onu yenisi ilə əvəz etmək çox çətindir. Lakin istənilən halda orada hazırda aparılan iş məni qane etmir və islahatlar kosmetik xarakter daşımamalıdır. Rəhbərliyin vəzifəsi kanalı tamaşaçılar üçün maraqlı etməkdir. Hər bir kanal hesab edir ki, onların verilişləri daha maraqlıdır. Lakin bunu tamaşaçılar müəyyən etməlidir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Dövlət və İctimai kanallar, özəl KİV-in etdiyi kimi kommersiya reytinqi arxasınca qaçmamalıdır. Onlar cəmiyyətin marağını müdafiə edən proqramlar istehsal etmək üçün məqsədyönlü olaraq dövlət büdcəsindən maliyyələşir. Son dövrə qədər mən İctimai kanalın fəaliyyəti barədə fikir bildirməmişəm, lakin indi müşahidə edirəm ki, bunu həmçinin monitorinqlər də göstərir, kanal üzərinə qoyulmuş funksiyaları yerinə yetirməyə çalışır. Bu, həm rəylərin plüralizmi və maarifləndirməyə də aiddir. Lakin burada digər məsələ var: bu kanala debata cəlb olunan insanlar nə qədər peşəkardırlar. Və bunda yalnız İctimai kanalı günahlandırmaq lazım deyil. Cəmiyyətimizin qavrama səviyyəsi ideal deyil.

- AŞPA-nın son sessiyasında Azərbaycanda mətbuat sahəsindəki vəziyyətlə bağlı tənqidi fikirlər səsləndirilib. Bununla razısınızmı?

- Fikirləşirəm ki, Avropa Şurasının Azərbacyanda KİV-in, xüsusən də elektron KİV-in vəziyyəti ilə bağlı fikirləri bəzən həqiqətəuyğun olmur. Bəli, bizdə çatışmazlıqlar var. Biz onları etiraf edirik və aradan qaldırmağa çalışırıq. Lakin KİV sahəsində vəziyyət həqiqətən də bəzi hallarda deyildiyi kimi deyil. Azərbaycanda gedən prosesləri real olaraq əks etdirmək lazımdır. Qoy bizə demokratiya haqqında danışan, lakin real həyatda demokratiyanı dəstəkləməyənləri nümunə göstərməsinlər.

- Azərbaycanda teleradioyayımın hüquqi bazasının təkmilləşdirilməsi məsələsi hansı mərhələdədir?

- Keçən ilin yanvarında biz "Teleradioyayım haqqında" qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflərlə dövlət başçısına müraciət etmişik. Biz bu dəyişikliklərlə bağlı müxtəlif dövlət strukturlarından rəylər əldə etmişik. Yalnız təklifləri razılaşdırıb parlamentə təqdim etmək qalıb. Biz həmçinin tezliklər üçün tenderlərin keçirilməsi ilə bağlı dəyişikliklər etməyi istəyirik. Bizdə bu müddəanı qanuna daxil etməmək və bunun əvəzinə Teleradio Şurasının xüsusi qaydalarını hazırlamaqla bağlı təkliflər də var. Yeni təkliflərə əsasən, əgər birinci tenderdə kifayət qədər iştirakçı olmazsa, ikincisi elan olunacaq. Əgər bu vəziyyət təkrarlansa və tenderdə iştirakda bir namizəd qalsa, Şura tezliyi məhz bu iştirakçıya təqdim etmək üçün səlahiyyətə malik olacaq. Lakin bununla yanaşı, iştirakçı uyğun tələblərə cavab verməlidir.

- Qanuna daha hansı prinsipial dəyişikliklər təklif olunur?

- Məsələn, son zamanlar bəzi telekanallar ticarət obyektinə çevrilib. Bir çox regional telekanalların təsisçiləri dəyişir. Təsisçinin əvəz olunması ilə yanaşı analoji olaraq telekanalın lisenziyasının hüquqi qüvvəsi də dəyişir. Bəzi strukturları layihədəki bu hal nərahat edir, çünki bu, digər qanunlarla ziddiyyət təşkil edir. Lakin hesab edirik ki, biz bu barədə mütləq ay ərzində məlumatlandırılmalıyıq.

Daha bir məsələ Teleradio Şurasının hüquqi statusu ilə bağlıdır. Təəssüf ki, bu status hələ müəyyənləşməyib. Şura dövlət strukutru kateqoriyasına aid edilməlidir, lakin bir çoxları bizə ictimai birlik kimi yanaşır.

Biz həmçinin Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə yenidən baxılmasını istəyirik. Məsələn, Türkiyədə ölkənin bütün kanallarının gəlirlərinin beş faizi Teleradio Şurasının fəaliyyətinin maliyyələşədirilməsi üçün köçürülür. Biz də belə təklif vermişik, lakin onun bəyəniləcəyini bilmirik.

Daha bir hal Şuranın səlahiyyətləri ilə bağlıdır. Bu səlahiyyətlər dünyanın bir sıra ölkələrində müəyyən olunub. Həmin ölkələrdə teleradioyayım haqqında ciddi qanun müddəaları var və əgər kanal onları pozursa, Şura kanalın yayımını bir gündən yeddi günədək, hətta bir aya qədər dayandıra bilər. Bəziləri şuranın bu səlahiyyətləri tele və radio kanallara qarşı istifadə edəcəyindən bu qaydalardan qorxur. Lakin əslində bunlar qabaqlayıcı qaydalardır və onlar bəzi hallarda yol veriləndir. Əgər telekanal dövlətə qarşı açıq çağırışlar yayımlasa, milli və irqi diskriminasiya zəminində vəziyyəti gərginləşdirsə, pornoqrafiya və digər bu cür verilişlər göstərsə, bu halda Şura kanalın yayımını dayandıra bilər və məhkəməyə müraciət edə bilər.

Daha bir müddəa Azərbaycan ərazisində xarici telekanalların yayımı, həmçinin əsasən də seçki ərəfəsində siyasi fəallığın artırılması ilə bağlıdır. Xarici kanallar bura gələrək birbaşa yayım aparmaq istəyir. Bizdə bu mexanizm yoxdur. Onlar bu yayıma icazə almaq istəyir, lakin bunun üçün bizdə qanunvericilik bazası yoxdur.

- Siz tele və radio kanallara lisenziyanın verilməsi qaydalarına yenidən baxılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etmisiniz. Bu məsələnin yekun həlli nə vaxt gözlənilir?

- Bu ildən etibarən teleradioyayım üçün ödəmə 11 min manat həcmində müəyyən edilib. Bu, yayımın bütün növlərinə aiddir. Bu, bizi narahat edib. Yayım növləri müxtəlifdir və bundan asılı olmayaraq, vahid rüsum müəyyən edilib. Bu ədalətli deyil. Təəssüf ki, maliyyə, iqtisadi inkişaf nazirlikləri və digər strukturlar bu məsələnin mahiyyətini anlamırlar. Yəqin ki, bu, onların bu sahənin mütəxəssisləri olmaması ilə əlaqədardır. Hazırda maliyyə nazirliyi qanuna dəyişikliklərin edilməsini məqsədəuyğun hesab etmir və bu məsələni büdcənin növbəti müzakirələri zamanı müzakirə etməyi təklif edir. Məhz bu səbəbdən iki regional kanal - Aygün TV və Lənkərn TV-yə lisenziyaların verilməsi uzadılır.

- Son zamanlar internet vasitəsilə yayım praktikası istifadə olunmağa başlanıb. Bununla bağlı nə fikirləşirsiniz?

- Bu çox ciddi, çətin və mübahisəli məsələdir. Bu fəaliyyət hansısa bir orqan tərəfindən nizamlanmalıdır. Burada xaos yaradılması yolverilməzdir. Bu halda internet şəxsi vasitədən kütləvi vasitəyə keçir. Hətta qanunlarda belə bir müddəa var ki, üçdən artıq insanın fəaliyyəti sahibkarlıq hesab olunur. Mən bu sahəni Teleradio Şurasının nəzarət etməsini nəzərdə tutmuram, lakin müəyyən orqan olmalıdır. Biz dünyadakı praktikanı öyrənirik. Məsələn, Estoniya və bəzi ölkələrdə internetdə fəaliyyət nizamlanmır. Biz niyə internet vasitəsilə yayıma mane olmalıyıq.

Xəbər lenti

Xəbər lenti