...

Bakıda at yarışları keçiriləcək

Cəmiyyət Materials 1 May 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /müx. "TrendLife" F.Sadıxov

Bakı Dövlət Cıdır Meydanında atçılıq üzrə respublika miqyaslı yarışların keçirilməsinə hazırlıq görülür. Dövlət Cıdır Meydanından "TrendLife"a verilən məlumata görə, mayın 10-da keçiriləcək at yarışları mərhum eks-prezident Heydər Əliyevin doğum günü münasibətilə təşkil olunacaq. Bu tədbirdə ölkədəki atçılıq müəssisələrində yetişdirilən müxtəlif cinslərdən olan atlar yarışacaqlar.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda atçılığın tarixi çox qədimlərə gedib çıxır. Ölkəmizdə atçılıq sahəsinin tərəqqi dövrü 1980-ci ilədək davam edib.

Keçmiş SSRİ dövründə Gəncədə yerləşən keçmiş Kənd Təsərrüfatı Akademiyasında atçılıq sahəsi üzrə yeganə ixtisaslı kadrlar hazırlayan fakültə də fəaliyyət göstərib. Təsadüfi deyil ki, indiyədək dünyada 260-a yaxın at cinsi yetişdirilib ki, onlardan da ikisi - "Qarabağ" və "Dilboz" cinsləri məhz Azərbaycana məxsusdur. Ötən əsrin 90-cı illərindən sonra sözügedən sahə inkişaf etdirilmədiyindən baxımsızlıq cins atların kökünün kəsilməsi, ata marağın azalması ilə nəticələnib. Bununla yanaşı, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının atçılıq fakültəsi də tələbə qəbul olmadığından bağlanıb. Qarabağ müharibəsi nəticəsində isə atların yetişdirildiyi ən iri müəssisələrdən biri olan Ağdam Atçılıq Zavodu dağılıb.

Sevindirici haldır ki, nəhayət ölkəmizdə "Atçılıq haqqında" qanun hazırlanıb. Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, bu qanunun icrasına başlanılandan sonra atçılıq sahəsi yenidən inkişaf etdiriləcək. Dövlət Kənd Təsərrüfatı Akademiyası da növbəti tədris ilindən atçılıq fakültəsini bərpa etməyi planlaşdırır. Xatırladaq ki, hazırda Azərbaycanda 71 min başdan çox at saxlanılır.

Xəbər lenti

Xəbər lenti