...

Azərbaycanın Sumqayıt şəhərindəki zavodda partlayışla bağlı cinayət işi məhkəməyə göndəriləcək

Cəmiyyət Materials 3 May 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ötən ilin sonunda Sumqayıt şəhərindəki "Azərkımya" Dövlət Şirkətinin "Sintezkauçuk" zavodunun yeni butadien sexinin 1-ci korpusunda baş vermiş güclü partlayışla bağlı cinayət işi mayın sonunda baxılmaq üçün məhkəməyə göndəriləcək. Bu barədə Trend ə cümə axşamı Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, baş ədliyyə müşaviri Hüseynxan Məmmədov məlumat verib.

Məmmədov bildirib ki, cinayət işi üzrə zavodun direktor əvəzi və baş mühəndisi İxtiyar Balakişiyev, sex rəisi İxtiyar Şahverdiyev və növbə rəisi Mətləb Şahmuradov barəsində Cinayət Məcəlləsinin 162.2-ci (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma) və 223.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb. Balakişiyev barəsində seçilmiş həbs qəti imkan tədbiri Apellyasiya Məhkəməsinin qərarı ilə digər qəti imkan tədbiri ilə dəyişdirilib, digər iki təqsirləndirilən isə hazırda həbsdədir.

Cinayət işi baxılmaq üçün Sumqayıt şəhər məhkəməsinə göndəriləcək.. Partlayış zamanı zavodun işçiləri Samirə Şıxəliyeva və Şükufə Mustafayeva hadisə yerində ölüb, Qafur Əliyev, Əntiqə Babayeva, Fikrət Həsənov və Salam Əhmədov ağır dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qafur Əliyev və Fikrət Həsənov aldıqları xəsarətlərdən xəstəxanada keçiniblər.

Xəbər lenti

Xəbər lenti