...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qubada aşkarlanan məzarlıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Cəmiyyət Materials 7 May 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bazar ertəsi Qubada aşkarlanan insan məzarlağına baş çəkiblər.

QMİ sədri jurnalistlərə açıqlamasında insan qalıqlarının basdırılmasının tərəfdarı olmadığını deyib və həmin qalıqların ekspertizadan keçirilməsinin vacib olduğunu bildirib. Şeyx ermənilərin azərbaycanlılara qarşı soyqrım faktı ilə bağlı dünya ictimaiyyətinə müraciət edəcəyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da öz növbəsində faktla bağlı beynəlxalq təşkilatlara müraciət edəcəyini açıqlayıb.

Quba rayon prokuroru Kərimağa Tağıyev isə qeyd edib ki, faktla bağlı cinayət işinin açılıb-açılmaması məhkəmə-tibbi ekspertizanın rəyindən sonra bəlli olacaq. Onun sözlərinə görə, hazırda 1918-ci ilə məxsus sənədlər arxivlərdən götürülərək araşdırılır.

Ziyarət edənlər arasında Azərbaycan dağ yəhudiləri icmasının sədri Semyon İxiilov, Azərbaycan Avropa yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç və Bakıdakı rus pravoslav kilsəsinin yepiskopu Konstantin Ata da olublar. Zelmanoviç bildirib ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq qətlə yetirilənlərin hamısı Azərbaycan vətəndaşlarıdır və onlar soyqırım qurbanlarıdır.

Aprelin əvvəllərində Quba rayon stadionunda tikinti üçün qazma işləri aparılarkən insan məzarlığı aşkarlanıb və 40-dan artıq insanın qalıqları müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti