Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin redaksiyasında axtarışa başlayıb. Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev çərşənbə axşamı Trend ə bildirib ki, nazirliyin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində, eləcə də onun evində qanunvericiliklə müəyyən edilmiş qaydada axtarış aparılır".
"Gündəlik Azərbaycan" qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu jurnalistlərə bildirib ki, axtarış Yasamal Rayon Məhkəməsinin qərarı ilə 10-a yaxın şəxs tərəfindən aparılır. Ofisin qarşısında bir neçə qəzetin baş redaktorları, hüquq müdafiəçiləri və jurnalistlər toplaşıb.
"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin redaksiyası mayın 20-si axşam Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən möhürlənib. Səbəb kimi qəzet redaksiyalarının yerləşdiyi binanın tələb olunan qaydalara cavab verməməsi göstərilib.
"Qarabağ gündəliyi" adlı məqaləsində Xocalıları təhqir etməkdə ittiham olunan adıçəkilən qəzetlərin baş redaktoru Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir vermədiyini və dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.
Aprelin 6-da isə Yasamal Rayon Məhkəməsi Çaladzenin xocalıların şərəf, ləyaqət və işgüzar nüfuza xələl vurulması ilə bağlı mülki iddiası üzrə Fətullayevin və onun sahibi olduğu qəzetlərin 20 min manat cərimə olunması barədə qətnamə çıxarıb.