...

Azərbaycanın Müstəqillik Günü müxtəlif ölkələrdə qeyd olunacaq

Cəmiyyət Materials 23 May 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 28 May - Respublika Günü münasibətilə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar bayram tədbirləri keçirəcəklər. Bu barədə çərşənbə günü Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mayın 25-də İslandiyada "Azəri" İslandiya-Azərbaycan Cəmiyyəti, mayın 27-də Madriddə "Azərbaycan Dostluq Cəmiyyəti", həmçinin Strasburqda FATA təşkilatı bayram şənliyi təşkil edəcək. Estoniyada fəaliyyət göstərən "Aydan" Estoniya-Azərbaycan Cəmiyyəti, eləcə də Litva Azərbaycanlıları Cəmiyyəti mayın 28-də tədbir keçirəcəklər. Həmin gün AGFA adlı qurum Parisdə Azərbaycana həsr olunmuş foto-sərgi təşkil edəcək. Mayın 28-də Almaniyadakı "Azərbaycan evi" və Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresi bayram tədbiri keçirəcək. Respublika Günü münasibətilə ən böyük tədbirlərdən biri mayın 29-da Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Strasburq şəhərində olacaq, burada forum, yürüş-festival və bədii proqram təşkil edilcək.

28 May - Respublika günü münasibətilə Danimarkanın Kopenhagen, İsveçin Malmö və Göteborq şəhərlərində "El bilir ki, sən mənimsən", Çexiyanın paytaxtı Praqanın yaxınlığında yerləşən Liditse Soyqırım Xatirə Kompleksində və Polşada Azərbaycan səfirliyinin təşəbbüssü ilə "Hyatt Regency" otelində, Bolqarıstanın paytaxtı Sofiya şəhərində, Finlandiyanın paytaxtı Helsinkidə "Anam, doğma Vətənim" adlı mədəni kütləvi tədbirlər keçiriləcək. Bayram tədbirləri həmçinin Rumıniyada, Rusiya, Ukrayna, Belarus, Moldova, Türkiyə, Yeni Zelandiya və digər ölkələrdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları tərəfindən də qeyd ediləcək.

Xatırladaq ki, 1918-ci il mayın 28-də Şərqdə ilk müstəqil cümhuriyyət - Azərbaycan Demokratik Respublikası yaradılıb. İki il sonra 1920-ci ilin 28 aprelində müstəqil respublika SSRİ tərəfindən güc yolu ilə süquta uğradılıb. 70 il SSRİ-nin tərkibində olan Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edib.

Xəbər lenti

Xəbər lenti