Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Hacıqabul rayon Rənsbər kənd sakinlərinin bir qrup dövlət orqanına və "BP"yə qarşı iddiasına baxılır. Kənd sakinlərinin Azərbaycan Dövlət Neft Şirkəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı iddiası üzrə keşirilən məhkəmə prosesi Hacıqabul Rayon Məhkəməsində cümə axşamı davam etdirilib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi başqa prosesdə iştirak etdiyindən bu prosesə qatılmayıb.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Trend ə bildirib ki, 2003-cü ildə torpaq mülkiyyətçiləri "BP"nin əməkdaşları tərəfindən torpağa məhdudiyyətlərə dair müqavilə imzalamağa məcbur ediliblər. İddiaçıların nümayəndəsi torpaq sahibləri ilə həmin müqaviləni imzalamağa məcbur edən "BP"nin Mehman və Eyyub adlı əməkdaşlarının və kənd icra nümayəndəsi Akif Zeynalovun şahid qismində dəvət olunması barədə vəsatət verib. "BP"nin nümayəndəsi isə torpaq sahibləri ilə belə bir müqavilənin imzalanmadığını iddia edib. Vəsatət təmin olunub və növbəti məhkəmə prosesi iyunun 5-nə təyin olunub.
Rəncbər kənd sakinləri iddia edir ki, Xəzər hövzəsindən hasil olunan neftin qərb və şimal istiqamətində axıdılması üçün nəzərdə tutulan Bakı-Subsa və Bakı-Novorossiyski neft kəmərlərinin operatoru "BP" şirkəti 10 ildən artıq bir vaxt ərzində 7200 nəfərdən artıq torpaq mülkiyyətçisinə məxsus olan torpaqlardan istifadə etməyə imkan verməyib. Həmin torpaq sahələrindən adıçəkilən neft kəmərləri keçdiyindən o torpaqlardan istifadə hüququ məhdudlaşdırılıb. Torpaq mulkiyyətçilərinə isə hec bir kompensasiya verilməyib.
Torpaq mülkiyyətçiləri mövcud normalara uyğun olaraq onlara torpaqlardan istifadə hüququnun məhdudlaşdırılması ilə əlaqədar kompensasiyanın, həmçinin torpaqlardan 10 il ərzində qismən istifadə hüququnun qeyri-qanuni olaraq qadağan olunmasına görə dəymiş zərərin - əldən çıxmış faydanın ödənilməsini tələb edir.