...

Azərbaycanda televiziya və radio yayımı üçün verilən lisenziya haqqı dəyişdiriləcək

Cəmiyyət Materials 30 May 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda televiziya və radio yayımı üçün verilən lisenziya haqqı dəyişdiriləcək. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli məlumat verib.

O qeyd edib ki, 2008-ci ilin dövlət büdcəsi müzakirə olunan zaman bu məsələyə baxılacaq. Milli Teleradio Şurasının sədri deyib ki, məsələ bu il öz həllini tapmalıdır: "Vaxtilə hökumətin bir sıra üzvləri, əsasən də bu sahə ilə bağlı olmayan strukturlar - İqtisadi İnkişaf və Maliyyə nazirlikləri məsələyə ciddi yanaşmadılar. Nəticədə televiziya və radio yayımı üçün verilən lisenziyanın qiyməti on bir min manat müəyyənləşdirilib. Lakin bu fəaliyyət sahəsi təsnifatlaşdırılmayıb. Yəni televiziya, radio və peyk yayımı üçün nə qədər lisenziya haqqı ödənilməli olduğu bir-birindən fərqləndirilməyib".

Şura sədri vurğulayıb ki, televiziya yayımının özü də iki qrupa bölünür. Ölkə və regional miqyasda yayımlanın televiziyalar var. Ölkə miqyasında və hansısa bir bölgədə yayımlanan televiziyalardan eyni miqdarda lisenziya haqqı almaq düzgün deyil.

"Bunun üçün ümumi bir rəqəm - on bir min manat müəyyənləşdirilib. Bu da bizə problem yaradır. Yəni regional televiziyadan və ölkə miqyaslı kanaldan, peyk və kabel televiziyasından eyni haqqı almaq doğru deyil" - deyə Məhərrəmli əlavə edib.

Xəbər lenti

Xəbər lenti