Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə Səhiyyə Nazirliyi yanında İnnovasiya və Təchizat Mərkəzinin regional nümayəndəliyi açılacaq. Bu barədə çərşənbə axşamı Gəncə Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev məlumat verib. Onun sözlərinə görə, yeni açılacaq nümayəndəliyin əməkdaşları mütəmadi olaraq qərb regionunda fəaliyyət göstərən apteklərdə reydlər keçirəcək, burada satılan dərmanların keyfiyyətinə və saxlanma müddətinə nəzarət edəcək.
Rzayev bildirib ki, nümayəndəliyin fəaliyyətə başlaması üçün yeni ofisin təmir işləri artıq yekunlaşmaq üzrədir və burada üç müfəttiş çalışacaq.
Səhiyyə Nazirliyi yanında İnnovasiya və Təchizat Mərkəzinin regional nümayəndəliyinin Gəncə ilə yanaşı Lənkəran və Xaçmazda da açılması nəzərdə tutulur.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.