Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bir qrup jurnalistin mənə qarşı qaldırdığı iddia əsasında məhkəmədə ifadə verməyə və məhkəmədən çağırış gələrsə, prosesdə ifadə verməyə hazıram. Bu barədə çərşənbə günü Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, deputat Siyavuş Novruzov bildirib.
"Hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüquqi var. Əgər kimsə hər hansı məsələnin qanun çərçivəsində araşdırılmasını istəyirsə, bu, onların qanuni hüququdur. Amma təəssüflər olsun ki, həmin jurnalistləri məhkəməyə verəndə qışqırıqları demək olar ki, bütün səfirliklərdən gəlir. Kimin ürəyi istəyir, məhkəməyə müraciət etsin və istənilən məsələnin araşdırılmasını tələb etsin. Mən burada başqa bir məsələ görmürəm", - deyə Novruzov bildirib.
YAP rəsmisi qeyd edib ki, çıxışında kimisə təhqir edən, şərəf və ləyaqətini alçaldan ifadələr işlətməyib. Amma buna qiymət vermək məhkəmənin işidir.
Milli Məclisin mayın 31-də keçirilən iclasında bir qrup jurnalistin xarici ölkələrdən siyasi sığınacaq istəməsinə münasibət bildirərkən YAP icra katibinin müavini Siyavuş Novruzov "həmin jurnalistlərin qanında qarışıq var", "jurnalistlər özlərini başqa millətin nümayəndəsi kimi təqdim edirlər" kimi ifadələr işlədib, onların bu hərəkətlərini ciddi tənqid edib. Xarici ölkələrdən siyasi sığınacaq istəmiş jurnalistlər hesab edirlər ki, YAR rəsmisi bu sözlərlə onların şərəf və ləyaqətlərini təhqir edib. Ona görə də məhkəməyə müraciət etməyə hazırlaşırlar.
"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetləri fəaliyyətini dayandırdıqdan sonra bir qrup jurnalist ölkədən getmək, xarici ölkələrdən birindən siyasi sığınacaq istəmək qərarına gəlib. Sonradan onlara ölkənin başqa qəzetlərinin əməkdaşları da qatılıb. Hazırda onların sayı 24-dür: 19 nəfər "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan", 3 nəfər "Azadlıq", 1 nəfər "Yüksəliş naminə" və 1 nəfər isə "Bakı-Xəbər" qəzetindən.