Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın boks yığması iyunun 14-də Masallıya yollanacaq. Burada komanda iki həftəlik təlim-məşq toplanışı keçəcək.
Yığmanın baş məşqçisi Məmməd Eyvazovun bildirdiyinə görə, hazırlıqda 18 nəfər iştirak edəcək. Bu idmançılar yığmanın mövsümün ikinci yarısındakı mötəbər yarışlarda, o cümlədən Çikaqodakı dünya birinciliyində uğurlu çıxışının əsasını qoymalıdırlar.
"Bu toplanış bizə bir daha imkan verəcək ki, boksçuları yoxlayaq, onların potensialını və yığmadakı perspektivlərini üzə çıxaraq. Ona görə də Masallıya səfərimiz bizim üçün vacib olacaq" - deyə Eyvazov qeyd edib.
Məşqçi həmçinin qeyd edib ki, yüngül zədələr istisna olmaqla idmançıların durumu normaldır. Eyvazovun sözlərinə görə, boksun xüsusiyyətləri idmançıları yüngül zədələrdən sığortalanmasını mümkünsüz edir.