...

Mətbuatın problemlərinə həsr olunmuş tədbirdə qalmaqal yaranıb

Cəmiyyət Materials 29 İyun 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar hökumət tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək. Bu barədə Redaktorlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan mətbuatının problemlərinə həsr olunmuş tədbirdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev məlumat verib.

Lakin Prezident Aparatının nümayəndəsi bu tədbirlərin nədən ibarət olacağını açıqlamayıb. O bildirib ki, hakimiyyət media təmsilçilərindən mətbuatın problemlərinin həllinə xidmət edən konsturuktiv təkliflər gözləyir: "Problemlərin olduğunu inkar etmək olmaz. Biz istəyirik ki, jurnalistlər prolbemlərin həllini neçə gördüklərinə dair təkliflər versinlər".

Əliyevin son zamanlar ciddi müzakirə mövzusu olan jurnalistlərin həbsi məsələsinə də münasibət bildirərkən dediyi sözlər tədbir iştirakçılarının etirazına səbəb olub. "Burada məsələ aydındır. Jurnalistlər heç kimi təhqir etməsələr, məsuliyyətə cəlb olunmazlar və həbs edilməzlər. Təhqir etmə və həsb olunma. Təhqir olunan məhkəməyə müraciət edəcək", -deyə Prezident Aparatının nümayəndəsi vurğulayıb.

Bu zaman haqqında məhkəmə tərəfindən bir il icbari əməyə cəlb olunma haqqında qərar çıxarılmış "Nota bene" qəzetinin redaktoru Sərdar Əlibəyli və fəaliyyəti dayandırılan "Gündəlik Azərbaycan" qəzetinin redaktoru Xalid Kazımlı Prezident Aparatı nümayəndəsinin fikirlərinə ayağa qalxaraq sərt reaksiya veriblər. Əlibəyli tədbiri tərk edib. Kazımlı isə Vüqar Əliyevi faktla danışmağa çağırıb və saxtakarlıqda ittiham edib.

Tədbirdə iştirak edən rəsmi dövlət və iqtidaryonlü qəzetlərin baş redaktorları Prezident Aparatının nümayəndəsinin sözünün kəsilməsinə etiraz ediblər. Tədbirə rəhbərlik edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bir neçə dəqiqədən sonra sakitliyi bərpa edə bilib.

Fikirlərini davam etdirən Prezident Aparatının təmsilçisi qeyd edib ki, həbsdə olan jurnalistlərin əfv olunması prezidentin səlahiyyətinə aid olan məsələdir. Bu haqda heç kim bir söz deyə bilməz. Onun fikrincə, həbsdə olan jurnalistlərin öz səhvlərini başa düşdükdən sonra əfv olunması vacibdir. Çünki təhqir və böhtana görə həbs olunan jurnalistlər əfv olunduqdan sonra əvvəlki işlərini davam etdirirlər.

Əliyev onu da bildirib ki, tədbirdə müəyyən təkliflər səsləndirilib və bunu lazımi şəxslərə məruzə edəcək: "Biz yenə də təkliflər gözləyirik. Mənasız və əsassız ittihamlarla problem həll etmək olmaz".

"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev bildirib ki, mətbuatın problemlərinin həll olunması üçün kompleks tədbirlər görülməlidir. İlk növbədə həbsdə olan jurnalistlər azaldığı vuraxılmalıdır: "Bu mətbuatla hakimiyyət arasında müsbət dialoqun başlanması üçün zəmin olar".

Əliyevin fikrincə, ikinci addım qəzetlərlə bağlı qəbul olunan qərarların icrasını dayandırmaq olmalıdır. Eyni zamanda mətbuatın problemlərini həll etmək üçün media təmsilçiləri, hakimiyyət nümayəndələri və millət vəkillərindən ibarət komissiya yaradılsın. Bundan başqa problemlərin həlli üçün Mətbuat Şurasına əlavə səlahiyyətlər verilməli, qurumun fəaliyyəti gücləndirilməlidir: "Bütün bunlardan sonra "Diffomasiya haqqında" qanunun qəbulu məsələsinə baxmaq olar".

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə media təmsilçilərini payızda keçiriləcək foruma ciddi hazırlaşmağa çağırıb. O qeyd edib ki, problemlərin həllini nəzərdə tutan konkret fəaliyyət proqramı və iş bölgüsü aparılmalıdır. Əliyev də ilk növbədə həbsdə olan jurnalistlərin azad olunmasını vacib sayıb. O, mətbuat-məmur münasibətlərinin yenidən qurulmasına ehtiyac olduğunu bildirib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, bütün təkliflər ümumiləşdirilərək rəsmi orqanlara təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti