...

İslam dinini və peyğəmbəri təhqir etdiyi üçün həbs olunmuş jurnalistlərin apellyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 3 İyul 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İslam dinini və peyğəmbəri təhqir etdiyi üçün həbs olunmuş azərbaycanlı jurnalistlərin barəsindəki hökümdən verilən apellyasiya şikayətinə baxılıb. Çərşənbə axşamı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə "Sənət" qəzetinin baş redaktoru Samir Hüseynov (Sədaqətoğlu) və yazar Rafiq Tağıyevin (Tağı) barəsindəki Səbail Rayon Məhkəməsinin 4 may tarixli hökmündən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə araşdırması aparılıb. Apellyasiya şikayətini müdafiə edən təqsirləndirilənlərin vəkili İsaxan Aşurov hüquqlarını müdafiə etdiyi şəxslərin prosesdə iştirak etməməsini məhkəmənin açıqlığı prinsipinin pozulması kimi qiymətləndirib. Hakim Səfərov vəkilin bu iradı ilə razılaşmayıb, bildirib ki, nə hazırlıq iclasından öncə, nə də hazırlıq iclasında təqsirləndirilənlərin prosesdə iştirakı barədə məhkəməyə vəsatət təqdim olunub. Bu səbəbdən təqsirləndirilənlər prosesdə iştirak etmirlər.

Vəkil Aşurov çıxışında şəxsin söylədiyi fikrə görə cinayət məsuliyyətinə cəlb olunmasını Avropa Konvensiyasının və Konstitusiyanın müddəalarının pozulması hesab edib. Vəkil məhkəmədən Səbail Rayon Məhkəməsinin 4 may tarixli hökmünün ləğv olunması və hakim Yusif Kərimov barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib. Prokuror çıxışa hazır olmadığı üçün iyulun 5-ə qədər ona vaxt verilməsini məhkəmədən xahiş edib. Məhkəmə dövlət ittihamçısının xahişini nəzərə alaraq prosesi iyulun 5-dək təxirə salıb.

Cinayət Məcəlləsinin 283.1-ci (milli,irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə təqsirləndirilən Rafiq Tağı 3 il, 283.2.2-ci maddəsi ilə təqsirləndirilən Samir Sədaqətoğlu isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti