Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) Almaniyada keçiriləcək növbəti, doqquzuncu qurultayında iştirak etmək üçün Konqresin Ukrayna nümayəndəliyinə viza verilməyib. Bu barədə DAK-ın Ukrayna nümayəndəliyinin rəhbəri Oqtay Rüstəmov şənbə günü Trend ə məlumat verib.
Rüstəmov bildirib ki, Almaniyanın Kiyevdəki səfirliyi DAK-ın Ukrayna nümayəndəliyinin 18 nəfərdən ibarət heyətinin qurultayda iştirakına qadağa qoyub. Almaniya səfirliyi nümayəndə heyətinə viza verməkdən imtina edib. "Səbəbini də onunla izah edib ki, guya qurultayda iştirak etmək üçün Kölnə getmək istəyən həmin nümayəndə heyəti Almaniyada qalacaq və geriyə - Ukraynaya qayıtmayacaq. Amma biz bildirdik ki, bu nümayəndə heyətinin tərkibi elm, mədəniyyət və biznes sahəsində calışan tanınmış insanlardır. Almaniyanın Ukraynadakı səfirliyinin belə mövqeyini nümayəndə heyəti üzvləri və DAK-ın Ukraynada rəsmi qeydiyyatdan keçmiş nümayəndəliyi özlərinə qarşı hörmətsizlik kimi qəbul edirlər"- deyə Rüstəmov bildirib.
DAK-ın Ukrayna təmsilçiləri öz hüquqlarının pozulması ilə əlaqədar qurultayda etiraz bəyanatı verilməsini, həmçinin beynəlxalq qurumlara, Almaniyanın Xarici İşlər Nazirliyinə müraciətlər edilməsini zəruri sayırlar.
DAK-ın doqquzuncu qurultayı iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçiriləcək.