Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə növbəti reydlər keçirib. Nazirliyin mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, keçirilən reydlər zamanı Bakının Qaradağ rayonunda yerləşən Gülbaxt əhəng yatağında "M+M" firması tərəfindən qanun pozuntusu halları aşkarlanıb. Bununla əlaqədar müəssisə rəhbərliyi cərimələnib.
Xırdalan-Binəqədi yolunda fəaliyyət göstərən "Yakub Ucar" MMC əlvan metal müəssisəsi tərəfindən isə atmosfer havasına zərərli maddələr atılmasına yol verilib. Eyni zamanda həmin ərazidə yerləşən "Birlik" MMC müəssisəsinin Dövlət Ekoloji Ekspertiza İdarəsinin müsbət rəyi olmadan fəaliyyət göstərməsi faktı da reydlər zamanı aşkarlanıb. Bununla əlaqədar göstərilən müəssisələrin rəhbərləri inzibati qaydada cərimələnib və çatışmazlıqların aradan qaldırılması məqsədilə onlara icrası məcburi olan "məcburi göstəriş"lər verilib.