Azərbaycan, Bakı, 17 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə / Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva "Mənim Vətənim" layihəsi üzərində işini davam etdirir. Bu haqda "TrendLife"a müğənninin özü xəbər verib. Mahnının musiqisi Asəf Zeynallıya, sözləri Cəfər Cabbarlıya məxsusdur, klipin rejissoru isə Ülviyyə Könüldür. Aranjirovka tanınmış cazmen, bütün layihənin bədii rəhbəri Cəmil Əmirova aiddir. Klipin nümayişi sentyabr aylarında olacaq. Müğənninin dediklərinə görə: "Bu klip bütün layihənin vizit kartı olacaq. "Mənim Vətənim" çox maraqlı və orjinal layihədir, orada çoxlu materiallar toplanıb. Biz "Azərbaycan" telekompaniyasından götürülmüş sənədli kadrlardan istifadə etmişik. Həmçinin klip turizm baxımından da çox gözəl alınıb. Əminəm ki, ingilis, alman, fransız, kim olur olsun, bu klipi görən kimi bura gəlmək istəyəcək. Əvvəlcədən öz işimi tərifləmək istəməzdim, lakin belə düşünürəm ki, "Mənim Vətənim" uğurlu alınıb". İş ondadır ki, "Mənim Vətənim" özündə Azərbaycan musiqisinin kaloritini toplayıb. Layihədə həm milli musiqidən, həm cazdan, həm də klassik musiqidən istifadə olunub. Albom üzərində iş prosesində Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Asəf Zeynallı, Rafiq Babayev, Cəmil Əmirov və Tünzalə Ağayevanın özünün bir neçə kompazisiyasından istifadə olunub. Onu da qeyd edək ki, "Mənim Vətənim" layihəsinin təqdimatı yayda Yaşıl Teatrda olmalı idi. Lakin texniki səbəblərdən təqdimat payız aylarına qədər təxirə salındı.
.