Azərbaycan, Bakı, 28 iyul /müx. "TrendLife" Günel Əhmədova / Sərdar Ortacın yaradıcılıq təklifini mətbuat işçilərinin şahidliyi ilə rəsmiləşdirən müğənni Röya "TrendLife"a açıqlamalar verdi:
- Buradakı biznesinizin aqibəti necə olacaq?
- Mənə elə gəlir, yaxşı olacaq. Əslində buradakı eyni süjetli proqram və layihələr məni yorub. Bunu Türkiyə şou-biznesinə qatılıram deyə söyləmirəm. İdeya müəllifləri məni açmır. Eksperimenti sevirəm. Amma indinin şou məkanında maraqlı yeniliklər görə bilmirəm.
- Türk həmkarınızın təklifində eksperimentlər olacaq?
- Əlbəttə. Mən yerimdə saya bilmirəm. Nəyə görə xalq mahnılarımıza qayıtdım? Çünki mənə təqdim edilən bəstələrin əksəriyyəti bir-birinin oxşarıdır. Amma xalq musiqilərində bir canlanma hiss olunur. Sərdar Ortacla görüşümüzdə onun masasının üstündə mənim ifamda bir neçə xalq mahnısı, eyni zamanda, ən yaxşı mahnılarmdan "Bahar", "Dəniz", "Həsrət nəğməsi" və başqaları var idi. Ortac da mənim kimi fikirləşir. Layihə çərçivəsində xalq musiqilərimizdən ibarət maraqlı kompazisiyaların hazırlanması nəzərdə tutulub. Eyni zamanda, pop musiqisinə yer ayrılacaq. Qoy türk, eyni zamanda bütün dünya azərbaycanlı musiqiçinin imkanlarını görsün.
- Dediniz eyni süjet xətti sizi yorub. Burada bəyənmədiyiniz nədir?
- Məşhur müğənninin bir gündə bir neçə məkanda çıxışını qəbul edə bilmirəm. Bu ifaçını nüfuzdan salır. İndi yay istirahət mərkəzləri durmadan çalışır. Hər gün müxtəlif yerlərdən dəvətlər alıram. Bəzilərini dəyərləndirirəm, bəzilərini yox. Bu o demək deyil ki, Röya seçim edir. Sadəcə, Röya hər gün eyni məkanda çıxış etməkdən yorulub. Konsert təşkilatçılarına belə bir təklifim var. Yaxşı olar ki, bəzi mügənnilərin çıxışı həftədə bir dəfə solo şəkildə təqdim edilsin. Onda həmin müğənniyə maraq böyük olacaq.
- Bəlkə, bu həm də küsülü müğənnilərin tez-tez üz-üzə gəlməsinə səbəb olur?
- Küsülü müğənnilər onsuz da üz-üzə gələcəklər. Mən küsülü olmamağa çalışıram.
- Amma mübahisələr yaradırsınız.
- Təhqirə yol vermirəm. Əgər mən kimisə çirkin, zövqsüz görürəmsə, bunu onun üzünə söyləməliyəm. Düşmən deyiləm ki, yalandan tərifləyim. Nazpəri xanımın yaxasındakı gülün ona yaraşmadığını söyləyəndən sonra, onu həmin imicdə görmürəm. Məsləhətlərim əksər hallarda yerini tapır. Nazpəri xanımla bir məclisdə olanda salamlaşırıq, yəni, münasibətlər nə əladır, nə də pis, normaldır. Eyni zamanda, Brilliant xanımla, Aygün Kazımova ilə salam-sağ olumuz var. "Akademiya"dan gedəndən sonra çoxları mənimlə Brilliant xanımın arasını vurmağa çalışdı. Amma bacarmadılar.
.