...

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı daha bir qərar icra olunub

Cəmiyyət Materials 1 Avqust 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Evsiz və məzlum bakılıların insan hüquqlarının müdafiəsinə yardım ictimai birliyinin sədri Nabat Ramazanovanın iddiası əsasında Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı daha bir qərar icra olunub. Bu barədə çərşənbə günü Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

Əsgərov qeyd edib ki, məhkəmənin qərarı tam olaraq icra edilib. Azərbaycan hökuməti Ramazanovaya ümumilikdə altı min avro təzminat ödəyib. Bu məbləğin dörd mini Ramazanovaya dəymiş maddi və mənəvi ziyana görə konpensasiya, iki mini isə çəkilmiş xərc kimi ödənilib.

Avropa Məhkəməsi Ramazanov və başqalarının işi üzrə şikayətə baxaraq Azərbaycan dövlətinin ərizəçilərin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci (birləşmək azadlığı) maddə ilə təminat verilən hüquqlarını pozduğu nəticəsinə gəlib. Evsiz və məzlum bakılıların insan hüquqlarının müdafiəsinə yardım ictimai birliyi 2001-ci ildə təsis olunub və elə bu vaxtdan birliyin təsisçiləri - Nabat Ramazanova, Eldar Əlizadə, Emin Zeynalov və Zərifə Qənbərova təşkilatın dövlət qeydiyyatına alınması uğrunda hakimiyyət qurumları və məhkəmələrdə çəkişiblər. Dörd dəfə qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilən sənədləri nazirlik hər dəfə onlarda yeni bir qüsur aşkar edərək geri qaytarıb. Ədliyyə Nazirliyinin qanunsuz hərəkətindən məhkəməyə etdikləri şikayətlər də heç bir nəticə verməyib. Hər dəfə təşkilatın qeydiyyatından imtina cavabı alan təsisçilər ondan məhkəməyə şikayət veriblər və 2002-ci ilin sonuna ölkədaxili məhkəmələrdə 4 məhkəmə işi qaldırılıb. Bu işlərin hamısında şikayətlər Ali Məhkəmənin Plenumuna qədər gedib çıxıb və Ali Məhkəmənin o vaxtkı sədri Südabə Həsənova da daxil olmaqla bütün instansiyalarda Ədliyyə Nazirliyinin qanunsuzluğuna bəraət qazandırılıb. Ombudsmana, Konstitusiya Məhkəməsinə və digər qurumlara çoxlu sayda müraciətləri cavabsız qalan təsisçilər hüquqlarının müdafiəsi üçün 2002-ci ilin dekabr ayında Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

Xəbər lenti

Xəbər lenti