...

Nəsibə Abdullayeva yenidən Azərbaycan mahnısı oxuyub

Cəmiyyət Materials 1 Avqust 2007 17:44 (UTC +04:00)
Tacik, özbək, fars, türkmən və azəri mahnıları ilə özünə geniş repertuar quran Nəsibə Abdullayevanın ulduzu 80-ci illərldən parlamağa başlayıb.

Azərbaycan, Bakı, 1 avqust /müx. "TrendLife" Günel Əhmədova/

Tacik, özbək, fars, türkmən və azəri mahnıları ilə özünə geniş repertuar quran Nəsibə Abdullayevanın ulduzu 80-ci illərldən parlamağa başlayıb. Həmin illərdə məşhur olan "Qara göz" mahnısı böyükdən-kiçiyə hamının sümüyünü oynadırdı. Lakin Nəsibə xanımın burada bəxti gətirmədi. O dövrün mətbuatı onun inciyərək əslən azərbaycanlı olan və müğənninin ansamblında çalışan həyat yoldaşı ilə ölkəni tərk edib Özbəkistana getdiyini yazır. Baxmayaraq ki, həmin illərdə müğənninin plastinkaları çörək kimi satılırdı. Çox keçməmiş Özbəkistanın xalq aritsti fəxri adını qazanan müğənninin repertuarını yenidən azəri mahnıları ilə zənginləşdirdiyi xəbərini aldıq.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun "TrendLife"a verdiyi məlumata görə, müğənni bəstəkar Kamalın məşhur "Səndən nigaranam" mahnısını lentə yazdırıb və ona klip çəkdirir. Xatırladaq ki, müxtəlif illərdə bəstəkarın Baba Vəziroğlu ilə birgə müəllifi olduğu "Xalq Heydər söyləyir!", "Elegiya", "İnan mənə", "Ayrılığa dözərəm", "Gecdi daha", "Gözlər yalan deməz" və "Səndən nigaranam" adlı musiqi topluları işıq üzü görüb. Mahnıları ölkə hüdudlarından kənarda dinlənilən Kamal müəllimin sözügedən mahnısını Nəsibə xanım əldə edərək onu özünəməxsus və yeni aranjmanda lentə yazdırıb. Bundan öncə isə həmin mahnı əməkdar artist Aygün Kazımovanın (aranjman Vüqar Camalzadənindir) ifasında səslənib.

B.Vəziroğlnun əlavəsinə görə, Kamal müəllimə təqdim edilən lent yazısının tezliklə efir versiyası həllini tapacaq. "İkinci mahnı da ürəyəyatımlıdır və Şərq üslubunda səsləndirilib. Mahnı müəlliflərinin razılığından sonra hazırda Daşkəndin məşhur klipmeykerlərindən biri mahnını ekranlaşdırır" - deyən əməkdar incəsənət xadiminin fikrincə, maraqlı ekran görüntüsünün sentyabrda təqdimatı nəzərdə tutulub. B.Vəziroğlu "Səndən niharanam"ın Azərbaycan, Özbəkistan, Türkiyə və Orta Asiyanın tele məkanında yayımının nəzərdə tutulduğunu söylədi.

Qeyd edək ki, sözügedən müəlliflərlə Nəsibə Abdullayevanın əməkdaşlığı davam edəcək. Öyrəndik ki, tezliklə Kamal müəllimin musiqisi və Baba Vəziroğlunun sözlərinə Azərbaycan-Özbəkistan xalqlarının dostluğunu tərənnüm edən yeni bəstə ərsəyə gətiriləcək və Nəsibə xanımın ifasında səsləndiriləcək.

Onu da bildirək ki, ilin sonunadək Bakının möhtəşəm konsert salonlarından birində Nəsibə Abdullayevanın konsert proqramının təşkili planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti