Azərbaycan, Bakı, 2 avqust /müx. "TrendLife" Günel Əhmədova/ Bu gün xalq artisti Fəxrəddin Manafovun doğum günüdür.
Aktyor "TrendLife"ın müxbiri ilə söhbətində qeyd etdi ki, o, Kino gününün açılışında iştirak edəcək, axşam saatlarında isə qonaqlarla birlikdə bayram tədbirinin şam yeməyinə qatılacaq. Lakin o, yaşını söyləmək istəmədi.
"Ad günümlə bağlı konkret planım yoxdur. Əslində, doğum günlərinin keçirilməsinin əleyhinəyəm. Ziyafətləri, təmtərağı sevmirəm. Bu günə kimi ad günlərim ailə üzvlərim, yaxud dostlarımın təkidi ilə keçirilib. Bu dəfə bəhanəm Kino günü olub. Tədbirdən bir gün sonra Moskvaya yaradıcılıq səfərim olacaq" - deyə o bizə bildirdi.
Son illər Moskva kinomatoqrafiyasından bir-birinin ardınca təkliflər alan xalq artisti bu dəfəki səfərinin də belə bir xarakter daşıdığını söylədi, lakin bu barədə ətraflı danışmaq üçün hələ tez olduğunu xatırlatdı.