...

Rəsmi Bakı Helsinki Komissiyasının Azərbaycanda mətbuatla bağlı narahatlığını əsassız sayır

Cəmiyyət Materials 3 Avqust 2007 12:23 (UTC +04:00)
Rəsmi Bakı Helsinki Komissiyasının Azərbaycanda mətbuatla bağlı narahatlığını əsassız sayır

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda söz və mətbuat azadlığı dövlətin bilavasitə nəzarətindədir və bu sahə ilə bağlı narahatlıq üçün heç bir əsas yoxdur. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbə müdiri Əli Həsənov ABŞ-ın Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyasında (Helsinki Komissiyası) Azərbaycan mətbuatının vəziyyətinə dair dünənki müzakirələrə münasibət bildirərkən belə deyib.

"Azərbaycan hakimiyyəti söz və mətbuat azadlığının təminatçısıdır. Bu sahə ilə məşğul olan institutlar, mətbuat orqanları azad şəkildə fəaliyyət göstərirlər. Ona görə də narahatlığa əsas yoxdur" - deyə Prezident Aparatı rəsmisi əlavə edib.

Həsənov vurğulayıb ki, əgər kimlərsə bir neçə jurnalistin yazılarına və ya digər fəaliyyətlərinə görə həbs olunmalarını Azərbaycanda söz və mətbuat azadlığının pozulması və yaxud bu sahəyə basqıların olması kimi qiymətləndirirsə, bunun da heç bir əsası yoxdur: "Hesab edirəm ki, getdikcə bu sahədə vəziyyət daha da yaxşılaşacaq və Azərbaycan hökuməti bunun üçün lazım olan bütün tədbirləri həyata keçirir".

Helsinki Komissiyasında dünən aparılan müzakirələr zamanı qeyd olunub ki, Azərbaycanda kütləvi informasiya vasitələrinə qarşı görülən sərt tədbirlər xüsusilə narahatlıq doğurur. Ölkədə elektron mediaya getdikcə daha çox nəzarət olunur. Helsinki Komissiyasının sədri, amerikalı konqresmen Alsi Hastinqs "ATƏT regionunda  mətbuat azadlığı" mövzusunda keçirilən dinləmələr zamanı deyib ki, hazırda Azərbaycanda yeddi jurnalist həbsdədir, media mənsublarına bir sıra fiziki hücumlar olub, jurnalistlər cərimələnib. Ölkədə medi sahəsindəki dözülməz vəziyyətə görə 20-yə yaxın jurnalist xaricdən sığınacaq istəyib. Prezident İlham Əliyevin aparatının rəhbəri bildirib ki, Bakı böhtan və təhqirə görə məsuliyyəti Cinayət Məcəlləsindən çıxarmayacaq.

Dinləmələrdə vurğulanıb ki, bir sıra ATƏT ölkələrində jurnalistlər hələ də peşə fəaliyyətlərini yerinə yetirərkən hədə ilə üzləşirlər. Onları oğurlayırlar, döyürlər, hədələyirlər, hətta öldürürlər.  Dinləmələrə nümayəndələr palatasından Mayk Makintayr, Jozef Pits, Kristofer Smit və Hilda Solis də qatılıblar.

Dinləmələrdə ATƏT regionunda, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstanda mətbuatın vəziyyəti müzakirə olunub.

Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur. Qurum 1975-ci il Helsinki Aktının müddəalarının yerinə yetirilməsinə nəzarət edir. Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Ticarət Nazirliyinin hər birindən 1 üzv daxildir.

Xəbər lenti

Xəbər lenti