...

"Bizim yol" qəzetinin redaktoru haqda seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədi

Cəmiyyət Materials 3 Avqust 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Cümə günü Bakı Apellyasiya Məhkəməsində hakim Rəhman Mirzəyevin sədrliyi ilə rüşvət almaqda şübhəli bilinərək həbs olunan "Bizim yol" qəzetinin redaktoru Müşfiq Hüseynov haqda seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilmiş apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb. Bu barədə cümə günü Bakıda Hüseynovun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil qeyd edib ki, jurnalist haqda seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, hakim bunları nəzərə almayıb: "Hüseynovun zaminə buraxılması üçün 100 faiz əsas var. O, ağır vərəm xəstəsidir, himayəsində iki azyaşlı uşaq var və onlardan biri əlil kimi qeydiyyatdadır, həyat yoldaşı işləmir, özü cəmiyyət üçün heç bir təhlükə törətmir və istintaqa mane olmaq imkanı yoxdur. Lakin hakim bunları nəzərə almadı".

Hakim bildirib ki, Hüseynov ağır cinayətdə ittiham olunur, qaçıb gizlənə, istintaqa mane ola bilər. Ona görə də jurnalistlə bağlı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilə bilməz.

"Bizim yol" qəzetinin redaktoru Hüseynov iyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından 3500 dollar rüşvət alarkən hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə cinayət işi qaldırılıb. Nəsimi Rayon Məhkəməsi Hüseynov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib. Jurnalist özünə qarşı irəli sürülən ittihamları rədd edir.

Xəbər lenti

Xəbər lenti