...

Məhkəmədə Vergilər Nazirliyinin əməkdaşı "Azpetrol" şirkətində əməkdaşların məvaciblərində maxinasiyaların və əlavə dəyər vergisindən yayınma hallarının olduğunu bildirib

Cəmiyyət Materials 6 Avqust 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirli bilinən digər 17 nəfərin məhkəməsi şahid ifadələri ilə davam etdirilib.

İclasda şahid qismində Vergilər Nazirliyinin əməkdaşı Azad Qarayev dindirilib. Şahid ifadəsində göstərib ki, Vergilər Nazirliyinin əməkdaşları 19 oktyabr 2005-ci il tarixdən 25 may 2005-ci il tarixinədək "Azpetrol" şirkətində yoxlamalar apararkən çoxsaylı qanun pozuntuları üzə çıxıb. Yoxlamalar nəticəsində şirkətin fəaliyyətində əlavə dəyər vergisindən yayınma halları, o cümlədən şirkət rəhbərliyi tərəfindən şirkət əməkdaşlarının məvaciblərində maxinasiyalar olması ilə bağlı faktlar aşkar edilib.

Lakin "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti, müttəhim R.Əliyev şahidin ifadəsi ilə razılaşmayıb.

Sonra prokuror Nazir Bayramov məhkəmə iclasında iştirak edən Maliyyə Nazirliyi əməkdaşlarının məhkəmənin işinə əlavə şahid qismində cəlb olunmasını təklif edib. Lakin vəkillər buna etiraz ediblər və bu məsələyə iclasın sonrakı mərhələlərində baxıla biləcəyi bildirilib. Bu səbəbdən də prokuror təklifini geri götürüb.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti