...

Ömürlük azadlıqdan məhrum edilən bir qrup məhkum Ali Məhkəməyə müraciət edib

Cəmiyyət Materials 8 Avqust 2007 12:09 (UTC +04:00)

Azərbaycan,Bakı/ " , müxbir K. Zərbaliyeva/ Qobustan qapalı həbsxanasında cəza çəkən ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş bir qrup məhkum Ali Məhkəməyə müraciət edib. Qobustan qapalı həbsxanasının rəisi Əlizadə Hüseynov çərşənbə günü Trend ə bildirib ki, 50-dən artıq məhkum işlərinə yenidən baxılması üçün barələrindəki hökmdən kassasiya şikayəti verib.

Ali Məhkəmədən isə bildirilib ki, 2005-ci ildən indiyədək məhkəməyə məhkumlardan belə şikayətlər daxil olub. Həmin şikayətlərə ayrı-ayrılıqda baxılıb və məhkumlara cavab verilib. Son vaxtlar isə ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 87 məhkumun Ali Məhkəməyə müraciəti daxil olub və həmin müraciət hər bir məhkumun işi üzrə araşdırılıb və məhkumlara hüquqları izah olunub. Məhkəmədən bildirilib ki, qanunvericiliyə görə, şikayət kollektiv müraciət edilə bilməz: "Məhkəməyə kassasiya və ya əlavə kassasiya şikayəti formasında müraciət oluna bilər. Həmin məhkumların da bundan öncə Ali Məhkəməyə daxil olmuş kassasiya şikayətlərinə baxılıb, bəziləri isə Ali Məhkəmənin Plenumunadək çıxıb".

Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 85 məhkum cəzalarının 15 ilə endirilməsini tələb edirlər. Onlar bu tələblə bir neçə dəfə aclıq aksiyası keçiriblər. Sonuncu aksiyadan sonra millət vəkili Əli Hüseynov həbsxanada məhkumlarla görüşüb və onlara işlərinə fərdi qaydada baxılması üçün Ali Məhkəməyə şikayət vermələrini tövsiyə edib. Ali Məhkəmənin sədri Ramiz Rzayev də mətbuata açıqlamasında məhkumlara Ali Məhkəməyə müraciət etmələrini məsləhət görmüşdü.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 85 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə

bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. O, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti