...

"Qeyrət" hərəkatının sədri: "Gürcüstanın Kvemo-Kartle bölgəsində yaşayan azərbaycanlılar Azərbaycan dilinə regional dil statusu verilməsini tələb edirlər"

Cəmiyyət Materials 8 Avqust 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Gürcüstanın Kvemo-Kartle bölgəsində yaşayan azərbaycanlılar Azərbaycan dilinə regional dil statusu verilməsini tələb edirlər. Bu barədə çərşənbə günü Bakıda mətbuat konfransı keçirən Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov məlumat verib.

Əsgərov qeyd edib ki, artıq bununla bağlı Gürcüstan parlamentinə və beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına müraciət ediblər. Eyni zamanda, Gürcüstanın dövlət strukturlarında da bu haqda məlumatlıdırlar. O bildirib ki, Azərbaycan dilinə regional dil statusunun verilməsi Gürcüstan azərbaycanlılarının təhsil, iş və digər problemlərini həll edəcək.

"Avropa Şurasının qəbul etdiyi qərara görə, bir bölgədə yaşayan hər hansı bir etnik xalqın sayı həmin bölgənin ümumi əhalisinin 51 faizini təşkil edirsə onların istifadə etdikləri dilə regional dil statusu verilə bilər. Borçalıda yaşayan azərbaycanlılar bölgə əhalisinin 50 faizindən çoxunu təşkil edir. Ona görə də bizim bugünkü əsas tələbimiz Azərbaycan dilinə regional dil statusunun verilməsidir" - deyə hərəkat sədri əlavə edib.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra öz mübarizələrini əsasən bu istiqamətdə aparacaqlar.

Əsgərov vurğulayıb ki, Gürcüstanın Samxe-Cavaxetiya bölgəsində yaşayan ermənilər də erməni dilinə regional dil statusunun verilməsini tələb edirlər və rəsmi Tbilisinin buna razılıq verəcəyi gözlənilir.

Rəsmi məlumatlara görə, Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi Kvemo-Kartle (Borçalı) bölgəsində kompakt şəkildə yaşayır.

Xəbər lenti

Xəbər lenti