Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Bakı-Sumqayıt yolunun kənarında tikilən
və avqustun 14-də qəza baş verən bina "Neapol" istirahət mərkəzinə məxsus deyil. Bu
barədə cümə axşamı mətbuat konfransı keçirən mərkəzin baş meneceri Anar Nəzərov
bildirib.
Nəzərov qeyd edib ki, "Neapol" istirahət mərkəzi "Şən" MMC-yə məxsusdur və qəza
baş verən bina ilə heç bir əlaqəsi yoxdur: "Bakı-Sumqayıt yolunun kənarında yerləşən "Neapol" istirahət mərkəzinin yaxınlığında tikintisi aparılan binanın istirahət mərkəzinə
heç bir aidiyyatı yoxdur. "Şən" MMC tabeçiliyində olan "Neapol" istirahət
mərkəzinin ərazisində heç bir tikinti işləri aparmır.
Baş menecer vurğulayıb ki, tikintisi aparılan həmin bina tamamilə başqa bir firmaya məxsusdur.
Onun sözlərinə görə, yeni tikilən binada baş verən qəza nəticəsində "Neapol" istirahət mərkəzinin fəaliyyəti iki gün ərzində dayandırılıb və bunun nəticəsində mərkəzə xeyli miqdarda ziyan dəyib. Dəyən ziyan hələlik hesablanmayıb. Amma dəyən ziyan az deyil.
"Bu cür xəbərlərin yayılması istirahət mərkəzinin imicinə zərbə vurur və iş fəaliyyətini zəiflədir", - deyə baş menecer qeyd edib.
Nəzərov qeyd edib ki, "Şən" MMC-nin rəhbəri Şükür Əhmədovdur və "Neapol" istirahət mərkəzi də bura daxildir. Avqustun 14-də Bakı-Sumqayıt yolunun kənarında yerləşən "Neapol" istirahət mərkəzinə bitişik ərazidə yeni tikilən binanın uçması nəticəsində iki nəfər - 1962-ci il təvəllüdlü, Zəngilan rayonundan məcburi köçkün, tikintidə briqadir işləyən Rafiq Məmmədov və Sumqayıtdan olan 43 yaşlı fəhlə Rauf Abdullayev həlak olublar. Bir nəfəri- Rasim Məmmədovu isə dağıntılar altından sağ çıxarmaq mümkün olub. Məmmədov yüngül bədən xəsəratləri alıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222-ci maddəsi ilə cinayət işi qaldırılıb. Tikintidə iş icraçısı işləyən Alıyev Şamil Mahmud oğlu şübhəli şəxs qismində həbs olunub.
Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov bildirib ki, hadisə ilə bağlı saxlanılan Şamil Alıyev barəsində müvafiq sübutlar toplandıqdan sonra sabah onun haqqında həbs qətimkan tədbirinin seçilməsi üçün Abşeron rayon Məhkəməsinə göndəriləcək.