...

Dövlətə xəyanətdə ittiham olunanların işi məhkəməyə göndəriləcək

Cəmiyyət Materials 18 Avqust 2007 11:22 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Dövlətə xəyanətdə ittiham olunan on yeddi nəfərlik dəstənin cinayət işi gələn həftə baxılması üçün məhkəməyə göndəriləcək. Bu barədə şənbə günü Trend ə dəstə başçısı Səid Dadaşbəylinin vəkili Elçin Qəmbərov məlumat verib.

Vəkil bildirib ki, cinayət işinin materialları ilə tərəflərin tanışlığı başa çatıb və ittiham aktı təsdiq olunmaq üçün Baş Prokurorluğa göndərilib. Cinayət işi Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə araşdırılacaq. Səid Dadaşbəyli və onunla birlikdə həbs olunan daha 16 nəfər Cinayət Məcəlləsinin 218-ci (cinayətkar birlik yaratma), 274-cü (dövlətə xəyanət), 28, 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228-ci (qanunsuz odlu silah saxlama), 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirləndirilirlər. Sonradan dəstənin beş üzvünə qarşı irəli sürülmüş ittihamlar digər maddələrə tövsif olunub və onlar barəsindəki həbs-qətimkan tədbiri digər qətimkan tədbirləri ilə dəyişdirilib.

Səid Dadaşbəyli və dəstənin digər üzvləri Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bu ilin yanvarında keçirdiyi əməliyyat zamanı həbs olunub və cinayət işinin istintaqı da MTN-in İstintaq Baş İdarəsi tərəfindən aparılıb.

Xəbər lenti

Xəbər lenti