...

Professor Əlyar Səfərli: "Bakıda dünya azərbaycanlılarının Diaspor Universiteti yaradılmalıdır"

Cəmiyyət Materials 28 Avqust 2007 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın İrandakı sabiq səfiri, professor Əlyar Səfərli Bakıda dünya azərbaycanlılarının Diaspor Universitetinin yaradılmasını təklif edir. Bu barədə professor Səfərli çərşənbə axşamı Trend ə açıqlamasında bildirib.

Dünyada ümumilikdə 50 milyon azərbaycanlı yaşayır. Təkcə İranda 35 milyona yaxın, Gürcüstanda isə 500 min yerli azərbaycanlı yaşayır. 8 milyon azərbaycanlı Azərbaycan Respublikasında, qalanları isə diaspor halında dünyanın müxtəlif ölkələrində yaşayırlar.

Professor Səfərli bildirir ki, dünya azərbaycanlıları ilə peşəkar səviyyədə işləmək üçün kadr hazırlığı aparmaq lazımdır. Bunun üçün isə sırf diaspor sahəsi üzrə mütəxəssislər yetişdirən Universitet yaradılmalıdır. Həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Diaspor Universitetində təhsil almağa cəlb olunmalıdır.

"İranda yaşayan çoxmilyonlu azərbaycanlılar gəlib Azərbaycanda təhsil ala bilmir. Əgər özümüzə 50 milyonluq Azərbaycan xalqı deyiriksə, hər bir ölkədə yaşayan soydaşlarımızı düşünməliyik" - deyə professor qeyd edib.

O əlavə edib ki, Diaspor Universitetinin yaradılması, bu sahənin elmi səviyyədə araşdırılması və tədrisi üçün xüsusi dövlət konsepsiyası hazırlanmalıdır.

Dünyadakı Azərbaycan diasporu ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi məşğul olur. Komitə 2002-ci ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti