...

Sabiq səhiyyə naziri saxlanıldığı kameranın şəraitinin yoxlanılmasını tələb edir

Cəmiyyət Materials 29 Avqust 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə nazirinin ədliyyə nazirinə və Penitensiar Xidmətə qarşı iddiasına onun iştirakı olmadan baxılacaq. Bu gün Nəsimi rayon məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sabiq nazir Əli İnsanovun məhkəmədə iştirakı barədə vəkil Ağaveyis Şahverdinin verdiyi vəsatət təmin olunmayıb. Vəkil İnsanovun saxlandığı kameranın şəraitinin yoxlanılması barədə vəsatət verib. Penitensiar xidmətin nümayəndəsi kameranın müayinəsinə etiraz etməyib.

Məhkəmə vəsatətlə bağlı qərarın sabah elan olunacağını bildirib və proses təxirə salınıb.

Şahverdi Trend ə bildirib ki, İnsanov darısqal, natəmiz kamerada saxlandığını iddia edir: "Biz də məhkəmənin bu vəziyyəti yerində yoxlamasını istəyirik. Mülki prosessual qanunvericiliyin tələbinə görə, sübut məhkəməyə gətirilə bilməzsə, həmin sübut yerində yoxlanılmalıdı". Vəkil vəsatətlə bağlı qərarın sabah elan olunmasını məhkəmənin ədliyyə nazirliyinin məsləhəti ilə qərar qəbul etməsi kimi qiymətləndirib.

Məhkəmədə ədliyyə naziri Fikrət Məmmədovu 1 saylı İstintaq Təcridxanasınının tibb-sanitar hissəsinin rəisi Etibar Qarayev, Penitensiar Xidməti isə təcridxananın rəis müavini Ağzməmməd Məmmədov təmsil edir.

İnsanov məhkəmədə ədliyyə naziri Məmmədovun yaxın qohumu Cəmil Əliyevin ünvanına kəskin ifşaedici çıxış etdiyinə görə ədliyyə naziri və Penitensiar Xidmətin rəhbərliyi tərəfindən işgəncələrə məruz qaldığını iddia edir. Sabiq nazir Bayıldakı İstintaq Təcridxanasında qırx gündən artıq saxlanıldığını, dəfələrlə müraciətlərinə baxmayaraq, onun stasionar müalicə olunması üçün şərait yaradılmadığını bildirir. İnsanov əvvəllər ölüm cəzasına məhkum edilmiş şəxslərin kamerasında saxlanmasından, indi isə yarımzirzəmi kameraya salınmasından şikayətlənir. Sabiq nazirin kamerasının havasının rütubətli, üfunətli və insan həyatı üçün təhlükəli olduğu bildirilir.

Dövlət çevrilişinə cəhd, kütləvi iştişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Avqustun 30-da isə bakı apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə İnsanov və digərlərinin apellyasiya şikayəti üzrə proses davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti