...

Məcburi köçkün ailəsi Təhsil Nazirliyinin iddiası ilə yaşadığı yerdən çıxarılıb

Cəmiyyət Materials 31 Avqust 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Şuşadan məcburi köçkün düşmüş müəllimin ailəsi Təhsil Nazirliyinin iddiası ilə yaşadığı yerdən çıxarılıb. Yasamal rayonundakı 20 saylı orta məktəbin ərzisində məskunlaşmış Validə Bağırovanın ailəsi məhkəmənin qərarı ilə 18 saylı bağçada onlar üçün ayrılmış otaqlarda məskunlaşıblar. Bağırovanın vəkili Famil Məmmədov cümə günü Trend ə bildirib ki, məcburi köçkün ailəsi bağçada onlara ayrılmış otaqlarda aparılan təmirlə razı deyil. Təmirin aşağı səviyyədə aparıldığını deyən vəkil Yasamal rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildiyini bildirib.

Yasamal rayon məhkəməsinin işə baxan hakimi Tahir İsmayılov məhkəməyə qətnamədən şikayət daxil olmadığını bildirib.

Bu ilin yanvarında 20 saylı orta məktəbdə başlamış təmir və abadlaşdırmadan sonra Təhsil Nazirliyi məcburi köçkün ailəsinin yaşadığı tikilinin aparılan təmir və abadlaşdırma işlərinə mane olduğunu əsas gətirərək onların məktəbdən çıxarılması barədə qərar verib. Məcburi köçkün ailəsi onlara 18 saylı bağçada təklif olunan ərazidə yaşayış üçün heç bir şərait olmadığını əsas gətirərək ora köçməkdən imtina edib.

Bundan sonra nazirlik 1994-cü ildən 20 saylı orta məktəbin ərazisindəki tennis kortunun geyinib-soyunma otağında məskunlaşmış və eyni zamanda həmin məktəbdə tarix müəllii işləyən Bağırovanın ailəsinin həmin ərazidən məcburi çıxarılması və 18 saylı bağçaya köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Yasamal rayon məhkəməsi Təhsil Nazirliyinin Bağırovanın həmin ərazidən çıxarılması və 18 saylı bağçada məskunlaşması ilə bağlı iddiası üzrə qəbulqətnamə qəbul edib. Qətnaməyə görə, 18 saylı bağçada ayrılmış iki otaq təmir olunaraq cavabdehin istifadəsinə verilməlidir.

Xəbər lenti

Xəbər lenti