...

Kölndə Alman-Azərbaycan ali məktəb günü keçiriləcək

Cəmiyyət Materials 31 Avqust 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Oktyabrın 9-da Almaniyanın Köln şəhərində Alman-Azərbaycan ali məktəb günü keçiriləcək. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitsindən məlumat verilib.

Tədbirin məqsədi Almaniya və Azərbaycan ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq, təcrübə mübadiləsi aparmaqdır. Ali məktəb günü Avropa Birliyinin təhsilə aid bir neçə layihəsi çərçivəsində təşkil olunacaq.

Layihəyə görə Köln Tətbiqi Elmlər Universiteti Niderlandın Heerlen Tətbiqi Elmlər Universiteti ilə birlikdə Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq edir.

Layihənin məqsədi təhsilin yeniləşdirilməsi, "Avtomatlaşdırma və İnformasiya texnologiyaları", "Elektroenergetika", "Ətraf mühitin mühafizəsi texnikası", "Enerji menecmenti" ixtisasları üzrə yeni bakalavr və magistr tədris proqramlarının həyata keçirilməsidir. Köln və Heerlen təhsil ocaqlarının Azərbaycan tərəfdən layihə üzrə tərəfdaşları Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Politexnik İnstitutudur.

Xəbər lenti

Xəbər lenti