Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanda builki Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı beynəlxalq standartlara uyğun təşkil olunub. Bu barədə şənbə günü Trend-ə Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Sarvan Rəsulov bildirib.
"Ötən illərlə müqayisədə bu il yarış beynəlxalq səviyyədə təşkil olunub. Yarışı Türkiyədən gəlmiş beynəlxalq dərəcəli hakim Murad Səlimşirin idarə edir", - o deyib.
Rəsulovun sözlərinə görə, çempionatın builki marşrutları daha mürəkkəbləşdirilərək beynəlxalq marşrutlara uyğunlaşdırılıb.
Federasiyasının vitse-prezidenti həmçinin bildirib ki, bu ildən etibarən Azərbaycan idmançıları artıq beynəlxalq yarışlara qatılır. "Artıq 20-dən çox idmançımız buzadırmanma üzrə dünya kuboku, həmçinin dünya çempionatı yarışlarında iştirak ediblər. Hazırda isə 7 Azərbaycan idmançısı Rumıniyada keçirilən Avropa çempionatında iştirak edir", - o qeyd edib.
Rəsulov idmançılarımızın ilk dəfə iştirak etdikləri beynəlxalq yarışlarda göstərdiyi nəticələrin çox ümidverici olduğunu vurğulayıb.
Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə bu gün Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verilib.
Fevralın 11-12-də Hava və Ekstremal İdman Növləri Federasiyasının Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birlikdə keçirdiyi çempionata Rusiya Federasiyasının və İran Respublikasının idmançıları da qatılıblar.
Yarışda Azərbaycandan 100 idmançı olmaqla, ümumilikdə 120 idmançı iştirak edir.
Qusarın ən hündür dağ kəndlərindən olan Ləzənin kəskin hava şəraitinə baxmayaraq, bu gün idmançılar böyük əhval-ruhiyyə ilə yarışın seçim mərhələsini başa vurublar.
2 turdan ibarət turnirin bu gün keçirilən I mərhələsində idmançılar mürəkkəblik üzrə özlərini sınayır, sabah baş tutacaq II mərhələdə isə sürət üzrə yarışacaqlar.
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı fevral 12-də final mərhələsi ilə davam edəcək.