...

Bakı-2020 nümayəndə heyəti iddia ərizəsini təqdim etmək üçün İsveçrəyə yola düşüb

İdman Materials 13 Fevral 2012 16:31 (UTC +04:00)
Azərbaycanın Olimpiya Oyunlarına iddia ərizəsini Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim etmək üçün yüksəksəviyyəli nümayəndə heyəti İsveçrənin Lozanna şəhərinə yola düşüb.
Bakı-2020 nümayəndə heyəti iddia ərizəsini təqdim etmək üçün İsveçrəyə yola düşüb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycanın Olimpiya Oyunlarına iddia ərizəsini Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim etmək üçün yüksəksəviyyəli nümayəndə heyəti İsveçrənin Lozanna şəhərinə yola düşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə bazar ertəsi keçirilən mətbuat brifinqində Bakı 2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bildirib.

Gənclər və idman naziri Azad Rəhimov, Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və Azərbaycanın məşhur Olimpiya və Paralimpiya Oyunları mükafatçılarından ibarət nümayəndə heyəti fevralın 14-də Bakının iddia ərizəsini rəsmən BOK-un Baş Qərargahına təqdim edəcək.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakının iddia ərizəsinin hazır olduğunu bildirib. "Mən böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bizim 2020-ci il Olimpiya Oyunlarına namizədlik üçün sifariş kitabımızın hazırlanması uğurla başa çatıb. Bu kitab faktiki olaraq bizim rəsmi müraciətimizdir və yerli və xarici mütəxəssislərin köməyi ilə çox yüksək standartlara uyğun hazırlanıb. Kitabın hazırlanmasında zəhməti keçən hər kəsə öz təşəkkürümü bildirirəm və namizədliyimizin uğurlu olacağına inanıram", - mətbuat nümayəndələri ilə görüş zamanı Hüseynzadə deyib.

Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva sifariş kitabının məzmunu haqqında məlumat verib.

"Sifariş kitabında biz Bakının Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün quracağımız olimpiya infrastrukturu haqqında ətraflı məlumat təqdim etmişik. Həmçinin, Bakıda nümunəvi Olimpiya Oyunları keçirmək üçün gələcək illərdə quracağımız yeni infrastruktur planını da təqdim etmişik", - o deyib.

Xəbər lenti

Xəbər lenti